BMT-nin Baş Assambleyası bu ərəfədə səs çoxluğu ilə Krımda insan haqlarının pozulmasını qınayan və Rusiyaya beynəlxalq müşahidəçilərin gəlməsinə imkan yaratmağa çağırışın səsləndiyi qətnaməni qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin saytına istinadən haqqin.az məlumat yayıb.
Saytın məlumatına görə, dünən dekabrın 19-da Azərbaycan BMT-nin Baş Assambleyasının Rusiya əleyhinə qətnaməsinin səsverməsində iştirak etməyib.
Ukraynanın hazırladığı sənədin lehinə 70 ölkə, o cümlədən Aİ, Kanada, ABŞ, Türkiyə və Yaponiya səs verib. 26 ölkə (Rusiya, Belarus, Venesuela, İran, Qazaxıstan, Çin, KXDR və Suriya) əleyhinə səs verib, 77 ölkə bitərəf qalıb.
Sənəddə yarımadanın sakinləri – Krım tatarlarının, eləcə də ukraynalıların və digər etnik və dini qruplara aid olan şəxslərin haqlarının pozulması pislənilir.
Sənəddə 2014-cü ilin martında keçirilən referendumun nəticələrinə görə, Rusiyanın tərkibinə daxil olan Krımda insan haqlarının pozulmasını qınayan və beynəlxalq müşahidəçilərin gəlməsinə imkan yaratmağa çağırış səslənir.
Qeyd edək ki, noyabrda sənəd BMT-nin Baş Assambleyası tərəfindən təsdiqlənib. Baş Assambleyanın qətnaməsi sırf tövsiyə xarakteri daşıyır.

N.O.
www.oxu.az