Facebook-un təsisçisi Mark Zukerberq yaratdığı sosial şəbəkənin istifadəçilərinin sayını açıqlayıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Mark bu barədə öz rəsmi Facebook hesabında məlumat verib.
O, açıqlamasında gündəlik təxminən 703 milyon istifadəçinin mobil telefondan sosial şəbəkəyə daxil olduğunu bildirib. Son ildə bu göstərici 39% artıb.
Onun sözlərinə görə, sosial şəbəkədən ayda bir dəfə 1,35 milyard insan istifadə edir. Son üç ayda isə Facebook-un auditoriyası 30 milyon istifadəçi artıb.
Facebook istifadəçilərinin sayının artım tempi azalır: son üç rübdə sosial şəbəkəyə 40-50 milyon yeni istifadəçi qoşulub. Hər ay 1,12 milyard insan sosial şəbəkənin mobil xidmətlərindən istifadə edir ki, bu da ötən illə müqayisədə 33% yüksəkdir.
Zukerberq mobil texnologiyaların inkişafını sosial şəbəkənin əsas prioriteti adlandırır. Facebook həmçinin, WhatsApp və Instagram xidmətlərinə sahibdir.
Bu il sentyabrın 14-nə olan məlumata əsasən, Azərbaycanda Facebook istifadəçilərinin sayı 872 mini ötüb, avqustun 31-də bu göstərici 870 min idi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin verdiyi xəbərə görə, son 6 ay ərzində Azərbaycanda Facebook istifadəçilərinin sayı 90.640 və ya 11.59 faiz, 3 ay ərzində isə 80.040 və ya 10.01 faiz artıb. Son ay ərzində istifadəçi artımı 18.760 və ya 2.2 faiz təşkil edib.
Azərbaycan Facebook istifadəçilərinin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 84-cü yerdə qərarlaşıb. Müqayisə üçün: iyulda 85-ci, iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer alıb.
Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (100), Estoniya (105), Belarus (108), Latviya (110), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (155), Tacikistan (172) və Türkmənistan (202) ölkələrini qabaqlayıb.
Azərbaycanda Facebook-dan əhalinin 10.51 faizi və ölkənin ümumi internet istifadəçilərinin 23.66 faizi istifadə edir.
Azərbaycanda Facebook istifadəçilərinin 49 faizi və ya 427.594 18-24 yaş aralığındadır. Ölkəmizdə Facebook pərəstişkarlarının əksəriyyəti (63 faiz) əvvəlki kimi kişilərdir.
E.Ə.
www.oxu.az