Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlı vəkil: “Yefremovdan ağlasığmaz məbləğdə təzminat istəyirlər”
“Qəza nəticəsində ölən Sergey Zaxarovun qohumları aktyor Mixail Yefremovdan ağlasığmaz məbləğdə təzminat tələb edirlər. Məhkəmə təcrübəsində bu cür pullar ümumiyyətlə, görülməyib”.
360 TV-nin məlumata görə, bunu Rusiyanın əməkdar artisti Mixail Yefremovun əslən azərbaycanlı olan vəkili Elman Paşayev deyib.
Vəkilin sözlərinə görə, zərərçəkən tərəf 100-150 milyon rubl (2,4 - 3,6 milyon AZN) almaq istəyir.
E.Paşayev mərhumun yaxınlarından biri ilə danışdığını deyib. Vəkil hesab edir ki, ailə qanuni olaraq ala biləcəyindən çox şey istəyir.
“Qardaşı ilə danışdım, (pul) təklif etdim. Daha çox şey əldə edəcəklərini düşünürlərsə, bərk yanılırlar. Onlar cinayət işinin bir hissəsi olaraq deyil, indi daha çox ala bilərdilər. Cinayət işi çərçivəsində ödəniləcək məbləğ maksimum 800 min (19 611 AZN) - bir milyon rubldur (24 513 AZN). Bu, ən axırıncı qiymətdir”, - deyə Paşayev bildirib.
O, məhkəmələrin belə bir vəziyyətdə zərərçəkmiş tərəfə heç vaxt 700 min rubldan (17 159 AZN) artıq pul ödəmədiyini vurğulayıb. Yəqin ki, rezonans nəzərə alınmaqla məbləğ 800 min rubla qədər arta bilər. Vəkil qeyd edib ki, cəmi dörd zərərçəkən müəyyənləşib, ancaq onların sayının artacağına əmindir.
E.Paşayev M.Yefremovun mərhum Zaxarovun ailəsi ilə maraqlandığını da söyləyib. Aktyor cənazə və digər xərcləri ödəmək də daxil olmaqla, zərərçəkənlərə kömək etmək istəyir. Ancaq müdafiəçi hesab edir ki, indi ailənin həyatını sadələşdirmək cəhdləri əbəsdir.
“Bu, faydasızdır, orada elə bir şou düzəldiblər ki... Zaxarovun ölümü gəlir mənbəyi edilib. Hamı zərərçəkən olmaq istəyir. Bütün bunları ona izah edə bilmərəm, qohumlarının (Zaxarovun - red.) nə etdiyini söyləsəm, dəli olar”, - deyə Paşayev sözlərini tamamlayıb.
Xatırladaq ki, iyunun 8-də M.Yefremov Moskvanın mərkəzində qəza törədib. Onun maşını qarşıdakı zolağa çıxıb və mikroavtobusa çırpılıb, sürücü Sergey Zaxarov qan itkisi səbəbindən xəstəxanada ölüb. Sənətçinin özü xəsarət almayıb. O, avqustun 9-dək ev dustaqlığına göndərilib.
Əməkdar artistin hüquqlarının müdafiəsi ilə Azərbaycan əsilli rusiyalı vəkil Elman Paşayev məşğul olur.
Rəylər