Ukraynada azərbaycanlıların cinayətkarlar tərəfindən oğurlanması və iş adamlarına təzyiq göstərilməsi ilə bağlı Ukraynanın baş prokuroru Yuri Luçenko, daxili işlər naziri Aleksandr Avakov və Ukrayna Dövlət Təhlükəsizlik Xidmətinə yazılı sürətdə müraciət etmişik.
Bunu Oxu.Az-a “Azərbaycan Ukrayna” beynəlxalq alyansının sədri Elmar Məmmədov bildirib.
Onun sözlərinə görə, bütün şəhər merləri və polis rəislərindən məsələni nəzarətdə saxlamaq xahiş olunub:
“Biz onlarla əlaqə saxlamışıq. Bizə cavab olaraq bildiriblər ki, məsələnin həlli ilə bağlı intensiv işlər aparılır, nəticəsi barədə yaxın zamanda cavab veriləcək”.
Elmar Məmmədov bildirib ki, hadisə Ukrayna inzibati orqanları tərəfindən ciddi nəzarətdədir:
“İnanırıq ki, keçirilən mitinqlərin nəticəsi olacaq. Alyans keçirilən mitinqdə baş verənlərə nəzarət edir”.
Qeyd edək ki, Kiyevdə Azərbaycan icmasının 600-ə yaxın üzvü Daxili İşlər Nazirliyi binası qarşısında etiraz aksiyası keçirir. Mitinq iştirakçılarının sözlərinə görə, cinayətkarlar heç də güc strukturlarından qorxmur. Məlumata əsasən, Ukraynada ümumilikdə 20-dən çox azərbaycanlı oğurlanıb; onların bir neçəsi Ukraynada bizneslə məşğul olan iş adamlarıdır.
Elvin Əhmədov
www.oxu.az