Texasın Ostinində iyul ayının 10-da çıxış etdikdən sonra ABŞ prezidenti Barak Obama yerli qəlyanaltı dükanına gedib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Ağ evin rəhbəri belə tezbazar yeməklərin satıldığı yerlər üçün ənənəvi olan növbəni gözləmək istəmədiyini önündə duranların hesabını ödəmək arzusu ilə izah edib.
Obama, köz üstə bişirilmiş ət yeməkləri ilə məşhur olan Franklin Barbecue-yə gələrək, uzun növbənin yanından keçib birbaşa kassaya yaxınlaşıb, öndə duranlara onların hesabını ödəməyi təklif edib. Bryus və Feyt Finsted onlara və masa arxasında əyləşən daha iki ailə üzvünə 1,3 kq mal əti, 1 kq qabırğa, 200 qram sosiska və elə o qədər də hinduşka əti almağı xahiş ediblər.
Obama sifarişin dəyişdirilməsinə dair zarafat etməyə çalışıb: “Dayanın, bu nə qədər adam üçün nəzərdə tutulub? Zarafat edirəm”.
Prezident 300 dollarlıq hesabı plastik kart vasitəsi ilə ödəyib, bura onun öz sifarişinin də hesabı daxil olub.
Hadisə zamanı orda olan bir çox adam baş verənləri çəkərək sosial şəbəkələrə yerləşdiriblər. Beləliklə, Obama istəmədən öz kredit kartının nömrəsini “işıqlandırıb”.
Prezidentin yeməkxanaya gəlməsi və kassanın yanındakı davranışı amerikalıların təzadlı reaksiyalarına səbəb olub. Feyt Finsted prezidentlə şəklini İnstagram-da yerləşdirib və “Obama mənə lanç aldı... Adi cümə axşamıdır” deyə alt yazı da əlavə edib.
Franklin Barbecue-nin sahibi Aaron Franklin Twitter-də indiyə qədər heç kimə növbədən kənar kassaya yaxınlaşmağa icazə verilmədiyini, amma Obama üçün istisna etməyi qərara aldıqlarını yazıb. Abunəçilərdən biri “prezident dövlət borcunu növbəni qısaltdığı kimi azalda bilsəydi yaxşı olardı” şərhini yazıb. Digəri isə “Xeyr, Obama, hamı kimi sən də növbəni gözlə!” yazıb.
Franklin Barbecue-də qəlyanaltıdan sonra Obama elə həmin gün Vaşinqtona uçub.