Əvvəl də xəbər verdiyimiz kimi iyul ayının sonunda Qubada Milli Qolf Klubunda qolf üzrə “Challenge Tour” beynəlxalq turnir keçiriləcək.
Bununla əlaqədar biz Azərbaycan Milli Qolf Federasiyasının baş məşqçisi Spenser Henderson ilə əlaqə saxlayaraq ondan bir neçə sualı cavablandırmasını xahiş etdik.
- Cənab Henderson, bir qədər özünüz haqqında danışın – siz əslən hardansınız? Siz qolfa necə gəlmisiniz?
- Mən əslən Şotlandiyadanam. Yeri gəlmişkən qolfun vətənindən. Mən orda anadan olmuşam, sonra isə Cənubi Afrikaya köçmüşəm, orada uzun illər yaşamışam. CAR-da qolfa maraq yarandı. Mən 14 yaşımda oynamağa başladım və bu idman növünə aşiq oldum. Sonra yenidən Şotlandiyaya qayıtdıq. O zaman artıq qolfla əlaqəsi olmayan heç nə ilə məşğul olmaq istəmirdim, ona görə də özümü bu idman növünə həsr etdim. 4 illik təhsildən sonra mən RGA (Professional Golfers’ Association - Böyük Britaniya və İrlandiya peşəkar qolfçularının Assosiasiyası, 1901-ci ildə yaradılıb – red.) dərəcəsini aldım və ciddi şəkildə məşqçi fəaliyyəti ilə məşğul olmağa başladım.
- Həyatınızın neçə ilini məşqçiliyə sərf etmisiniz?
- 2000-ci ildə mən PGA sertifikatı almışam, yəni artıq 14 ildir ki, peşəkar məşqçiyəm. Mən Şotlandiyanın Milli Qolf Akademiyasında, uşaqlarla trener kimi işləmişəm.
- Sizi Azərbaycana kim dəvət edib?
- Şotlandiyadan sonra Türkiyənin Qolf Akademiyasında işləmişəm. Bir tanışım zəng edib Azərbaycan Qolf Federasiyasının təcrübəli, beynəlxalq səviyyəli məşqçi axtardığını dedi. Mən bura vəziyyətlə tanış olmaq üçün gəldim. İkinci səfərimdən sonra bütün rəsmi məsələlər həll edildi. Bu, may ayının ortalarında olmuşdu.
- Siz az müddətdir ki, burdasız, cəmi iki aydır. Alışmaq çətin deyildi ki?
- Bilirsiz, mən demək olar ki, fərq görmürəm. Türkiyədən sonra burda hər şey tanış və adi gəlir.
- Bəs fərqli cəhətlər hansılardır?
- Türkiyədə qolf artıq bir neçə ildir ki, məşhurdur, oradakı Federasiya 12 ildir ki, mövcuddur. Çoxlu sayda, əsasən də turistik məkanlarda məsələn, Belek və Antalyada qolf-klublar var. İnsanlar bu idman növünə böyük maraq göstərirlər. Yəni Türkiyədə qolf artıq özünü təsdiqləyib, burada isə hər şey yenicə başlayır.
Məsələn, mənim vətənim Şotlandiya – orda artıq əsrlər boyu qolf oynanılır. Azərbaycanda isə qolf sahəsi yalnız Qubada var və Bakıda Qolf Akademiyası mövcuddur.
- Sizin fikrinizcə, Azərbaycanda qolfun gələcəyi necə olacaq?
- Bu, əsasən bizim səylərimizdən asılıdır. Azərbaycan Qolf Federasiyasının prezidenti cənab Anar Məmmədov qolfun gənclər arasında populyarlaşmasına çox böyük diqqət ayırır və məndən məhz bu istiqamətdə işləməyimi istəyib. Bizim böyük planlarımız var – biz qolf üzrə yeni kurslar açmağı, daha çox uşaq cəlb etməyi düşünürük, bu, Azərbaycanda qolfun inkişafı üçün çox vacibdir. Biz eləcə də məktəblərdə qolf dərsləri təşkil etməyi düşünürük. Yerli məşqçiləri də hazırlamaq, azərbaycanlıları bu idman növü barədə məlumatlandırmaq ümdə məsələlərdəndir. Yerli sakinlərdə yanlış fikir yaranıb ki, qolf zənginlər üçündür. Amma əslində bu, belə deyil, qolf hamı üçündür!
- Etiraf edim ki, mən də belə düşünürdüm. Mənə həmişə elə gəlib ki, yalnız çox zəngin, elit nümayəndələri qolf oynaya bilər...
- Nə danışırsınız! (gülür). Hər yerdə bahalı qolf-klublar olduğu kimi, əlverişli qiymətlərlə fəaliyyət göstərən klublar da var. Məsələn, qrup şəkildə məşqlər baha deyil, amma çox əyləncəli və yetərincə effektivdir.
- İşinizin xüsusiyyətləri barədə danışın. Kiminlə məşq etmək daha asandır – qızlarla, ya oğlanlarla?
- Onlar məşqlərə tamamən fərqli yanaşırlar. Qızlar daha mehribandırlar, daha tez dil tapırlar. Oğlanlarla bir qədər çətindir – onlar üçün əsas yarışdır, mübarizədir. Mən uşaqlarla işləməyi çox sevirəm.
- Tədris zamanı çətinliyiniz olur? Məsələn, dil problemi?
- Xeyr, qətiyyən. Birincisi, mən hər zaman bədən dilindən – jestlərdən istifadə edə bilərəm, axı qolfda nəyi necə etməli oduğunu görməlisən, həm də əyani vəsaitdən istifadə edirəm – şagirdlərə oyunların videoyazısını göstərirəm. Axı bu iPad nəslidir, onlar hər şeyi göydə tuturlar (gülür).
Mən burda Türkiyədə olduğu kimi rahatam. Mənim fikrimcə, insanlar oxşardırlar, yeməklər dadlıdır (gülür). Mən böyük məmnuniyyətlə yerli sakinlərlə 25 illik qolf təcrübəmi bölüşürəm.
- Bizim ölkəmiz xoşunuza gəlir? Harda olmusunuz?
- Çox xoşuma gəlir! Demək olar ki, elə birinci gün az qala bütün Bakını turist avtobusunda gəzdim – bu, fantastik idi! Qız qalasına heyran oldum. Bulvarın yaxınlığında yaşayıram və hər gün orada qaçıram. Çox gözəldir!
Heydər Əliyev Mərkəzi də gözəl tikilidir. Onu təsvir etmək çətindir!
Təəssüf ki, gərgin iş rejimi ucbatından şəhəri istədiyim kimi gəzə bilməmişəm, amma hər şey qarşıdadır.
- Amma siz Milli Qolf Klubun yerləşdiyi Qubaya da tez-tez gedirsiniz.
- Bəli, hər ikinci gün, peşəkar məqçi olmaq istəyən üç yerli gənclə Qubaya gedirəm. Biz orada məşq edirik, qolf oynayırıq, onlardan yaxşı məşqçi olacaq.
- İyulun sonunda Qubada Milli Qolf Klubda “Challenge Tour” keçiriləcək. Yəqin ki, orada olacaqsınız…
- Əlbəttə. Bu, çox vacib hadisədir, beynəlxalq miqyaslı tədbirdir. Bundan başqa arzu edən hər kəs özünü qolfda yoxlaya bilər. İnsanların çoxu bir dəfə oynadıqdan sonra dəfələrlə qayıdırlar, çünki qolf gözəl idman növüdür. Ona görə də həm mənim, həm də köməkçilərimin həmin gün işi çox olacaq. Arzu edən – qeyri-peşəkarlar, qadınlar, uşaqlar – hər kəs oynaya biləcək.
- Peşəkar kimi Qubadakı Qolf Klub haqqında öz fikrinizi deyərdiniz.
- Bu, qolf oynamaq üçün bütün dünya standartlarına uyğun, əla sahədir. Yerləşməsi sadəcə fantastikdir, dizaynerlər gözəl işləyiblər. Burada yaxın zamanlarda daha prestijli turnirlər keçirilərsə, təəccüblənmərəm.
- Məşhurlardan turnirdə kim iştirak edəcək?
- Bu, “European Tour”a istiqamətlənən addım, çox vacib tədbirdir. Təbii ki, bir çox məşhur qolfçular gələcək, məsələn, Metyu Fispatrik, gənc idmançıdır keçən il ABŞ birinciliyini qazanıb. Cənubi Afrikanın 17 yaşlı idmançısıdır – artıq iki dəfə CAR-da qolf üzrə birincilik qazanıb. Eləcə də Almaniyadan, çox məşhur oyunçu Morits Lamperti gözləyirik.
- Necə düşünürsünüz, bəs bizim oyunçular nə zaman bu qəbildən olan beynəlxalq turnirlərdə iştirak edə biləcəklər?
- Mənə bu sualı tez-tez verirlər. Düşünürəm ki, əgər uşaqlardan ibarət komanda yığıb, onlarla ciddi məşğul olsaq, bu, ən azından on il zaman alacaq. Qolfda tələskənliyə yol vermək olmaz və həqiqətən də peşəkar oyunçuların yetişməsi üçün çox zaman lazımdır.
Amma qolf oynamağı başqa ölkələrdə öyrənən azərbaycanlı gənclərimiz də var. Məsələn bizim 21 yaşlı oyunçumuz var, atası şotlandiyalı, anası isə azərbaycanlıdır. Onu biz Azərbaycanın ilk peşəkar qolfçusu hesab edirik. “Challenge Tour”da iştirak etmək üçün o da Qubaya gələcək.
- Cənab Henderson maraqlı söhbət üçün təşəkkür edirəm və işlərinizdə uğurlar arzulayıram.
Aliyə İsmayılzadə
www.oxu.az