Ukraynadakı münaqişənin nəticələrinə görə Böyük Britaniya iqtisadiyyatında çətin dövr 2023-cü ildə də davam edəcək.
Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak ölkə vətəndaşlarına videomüraciətində xəbərdarlıq edib.
“Mən iddia etmək fikrində deyiləm ki, bütün problemlərimiz yeni ildə bitəcək. Lakin 2023-cü il bizə Böyük Britaniyanın ən yaxşılarını dünya səhnəsində nümayiş etdirmək imkanı verəcək”, - deyə Sunak bildirib.
Baş nazir əmin edib ki, Böyük Britaniya iqtisadi çətinliklərə baxmayaraq, Ukrayna hakimiyyətinə dəstəyini davam etdirəcək.
O, geridə qalan ilin ölkənin bir çox vətəndaşları üçün çətin olduğunu deyərək, bunun əsas səbəbinin elektrik enerjisinin qiymətinin yüksək olması, eləcə də inflyasiyanın əhəmiyyətli dərəcədə artması olduğunu vurğulayıb.
Britaniya Milli Statistika İdarəsi Böyük Britaniyada illik inflyasiyanın 10,7%-ə çatdığını hesablayıb.
Xatırladaq ki, dekabrın ortalarında Rişi Sunak Kiyevə hərbi yardımın auditinin keçirilməsi barədə göstəriş verib.
Mənbə: TASS
Rəylər