Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Barakah" Atom Elektrik Stansiyasının (AES) yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumu səbəbindən yanğın qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Əbu-Dabi Əmirliyi hökumətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
"Əbu-Dabi əmirliyinin aidiyyəti qurumları Əl-Dafra bölgəsindəki "Barakah" nüvə stansiyasının daxili perimetrindən kənarda yerləşən elektrik generatorunda PUA hücumu nəticəsində başlayan yanğına dərhal müdaxilə ediblər", - deyə açıqlamada bildirilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb, ərazidə radiasiya fonu normal səviyyədədir. Nüvə Tənzimləmə Komissiyasının təsdiqinə görə, yanğın stansiyanın təhlükəsizliyinə və ya əsas sistemlərin iş rejiminə təsir göstərməyib, bütün reaktorlar normal rejimdə fəaliyyətini davam etdirir.
BƏƏ ərazisinə hücum edən PUA-nın hansı tərəfə məxsus olduğu açıqlamada qeyd edilməyib.
Qeyd edək ki, ölkədəki hava həyəcanı barədə bildirişlər paylaşan BƏƏ Daxili İşlər Nazirliyinin "X"dəki rəsmi hesabının məlumatına görə, mayın 17-də hər hansı raket və ya PUA təhlükəsi elan olunmayıb.
Zərbədən sonra radiasiya səviyyəsinin artması müşahidə olunmayıb.