Debütdən 100 il sonra "Supersports" adlı "Bentley" modeli istehsala qayıdır.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, 1925-ci ildə "Supersports" 160 km/saat (100 mil/saat) sürət həddini aşan ilk "Bentley" modeli olub və onun yubileyini qeyd etmək üçün şirkət "Bentley Continental GT Supersports" modelini hazırlayır.
Yeni model üçün sifarişlər 2026-cı ilin mart ayında açılacaq. O, standart "Bentley Continental GT"dən təxminən yarım ton yüngüldür. Kupenin çəkisi iki tondan (dəqiq desək, 1 814.37 kiloqram) azdır və bu göstərici ilə "Supersports" son 85 ilin ən yüngül "Bentley" avtomobilidir.
"Bentley Continental GT Supersports" 666 at gücü olan 4.0 litrlik V8 mühərriki ilə təchiz olunub. Yeni avtomobilin 0-dan 100 km/saat-a 3.7 saniyəyə sürətlənəcəyi, maksimal sürətinin isə 310 km/saat olacağı gözlənilir.