BMT-nin baş katibi Pan Gi Mun Birləşmiş Millətlər Təşkilatı Günü ilə əlaqədar müraciət edib.
Oxu.Az xəbər verir ki, müraciətdə baş katib bildirib ki, bu gün bütün dünya və BMT üçün keçid dövrü baş verir.
“Bəşəriyyət dayanıqlı inkişaf üçün 2030” gündəliyinin böyük vədini həyata keçirmək üzrə qlobal öhdəliklə dayanıqlılıq erasına qədəm qoyub. Bununla da, təşkilatın 71-ci ilində bizi sağlam planetdə hamı üçün daha yaxşı gələcəyə doğru aparan 17 məqsədimiz var”, - Pan Gi Mun deyib.
Baş katib, həmçinin dünyanın mineral yanacaqların yandırılması ilə firavanlığa aparan yolun olması düşüncəsini geridə qoymağa doğru irəlilədiyini qeyd edib.
“Rekord səviyyədə istiləşmənin baş verdiyi bir anda üzv ölkələr iqlim dəyişikliyi ilə bağlı Paris razılaşmasını qəbul etdi. Bu əlamətdar razılaşma 4 noyabr tarixində qüvvəyə minəcək. Bu tarixi astana çərçivəsində daha yaşıl, daha təmiz və az miqdarda karbon əsaslı inkişafa nail olmaq üçün bizi ən yaxşı imkanlar gözləyir”, - baş katib bəyan edib.
Öz müraciətində dünya təşkilatının rəhbəri bildirib ki, bütün dünya və BMT üçün keçid dövrü baş verir.
“Mən, son on il ərzində “biz, insanlar” fenomenini üzərində daşıyan təşkilata xidmət etməkdən qürur duymuşam. Biz birlikdə, ortaq tərəqqi üçün bir sıra möhkəm təməllər qoyduq. Bu təməlləri biz qadınların səlahiyyətləndirilməsi, gənclərin cəlb edilməsi və hamı üçün insan hüquqlarının müdafiəsi üzrə daha çox çalışaraq möhkəmləndirməliyik. Lakin biz, eyni zamanda, Yaxın Şərq, Cənubi Sudan, Sahil və başqa problemli bölgələrdə həll olunmamış münaqişələrin yol açdığı hədsiz iztirablarla bağlı da çox böyük məyusluq yaşadıq. Mən bütün dünyadan olan insanlara öz dəstəyinə görə təşəkkür edir və hamını baş katib vəzifəsinə təyin edilmiş Antonio Quterraşı sülh, dayanıqlı inkişaf və insan hüquqları sahəsindəki qlobal missiyamızı davam etdirməkdə tam dəstək göstərməyə çağırıram”, - baş katib qeyd edib.
N.O.
www.oxu.az