Böyük Britaniya hökuməti Avropa İttifaqı ilə Ukraynanın 90 milyard avroluq hərbi maliyyələşdirilməsi proqramına qoşulmaq barədə razılığa gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəftərxanası məlumat yayıb.
"Bu proqram sayəsində Britaniyanın müdafiə sənayesi şirkətləri həmin kredit hesabına maliyyələşdirilən müqavilələr üzrə tenderlərdə iştirak etmək imkanı əldə edəcəklər. Bu, bir neçə milyard avro həcmində potensial investisiyalara çıxış açacaq, ölkə üzrə yüksəkixtisaslı iş yerlərinin qorunmasını təmin edəcək və Böyük Britaniyanın dünyasəviyyəli müdafiə sənayesi bazasını daha da gücləndirəcək. Böyük Britaniyanın təşəbbüsə töhfəsi Britaniya istehsalçılarının əldə edəcəyi müqavilələrin dəyərinə mütənasib olacaq", - deyə bəyanatda bildirilir.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə "X" sosial şəbəkəsində bildirib ki, bu qərar Ukraynaya daha geniş hərbi təchizatçı seçimi imkanı yaradacaq.
Avropa İttifaqının 2026-2027-ci illər üçün Ukraynanın 90 milyard avro həcmində hərbi maliyyələşdirilməsi proqramı 2025-ci ilin dekabrında razılaşdırılıb. Bu vəsaitin 30 milyard avrosu Kiyevin büdcə ehtiyaclarının qarşılanmasına, 60 milyard avrosu isə hərbi xərclərə ayrılacaq.