Böyük Britaniya hökuməti polad istehsalı sahəsində məşhur olan "British Steel" şirkətini özəl investora satmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə nüfuzlu "Financial Times" nəşri özəl mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, britaniyalıları ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər səbəbindən qiymətləri aşağı düşən qlobal metal bolluğu belə addım atmağa vadar edib.
Nəşrin yazdığına görə, satış prosesi ilkin mərhələdədir və rəsmi London nüfuzlu şirkəti idarə etmək üçün banklar axtarır.
Mənbələr qeyd edib ki, "British Steel"in istənilən potensial alıcısının əhəmiyyətli dövlət subsidiyalarına ehtiyacı olacaq. Əks halda, zərərlə işləyən şirkəti hökumət öz üzərinə götürməli olacaq.
Xatırladaq ki, aprel ayında istehsalın dayandırılması təhlükəsi ilə üzləşən "British Steel" Böyük Britaniya hökumətinin nəzarətinə keçib.