Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Rəşad Eyyubov komandanın Avropa çempionatının seçmə mərhələsində Cəbəllüttariqə qarşı göstərdiyi oyundan razı qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə mütəxəssis AFFA-nın Mətbuat Xidmətinə açıqlamasında bildirib.
O, qarşılaşmanın maraqlı keçdiyini vurğulayıb:
"Bu oyun, ilk növbədə, mənim üçün maraqlı idi. Əsas məsələ - rəqibin 10 nəfərlə müdafiə olunduğu bloku necə yaracağımız idi. Birinci hissədə bir neçə qol epizodu yaratdıq, amma dəyərləndirə bilmədik. İkinci hissədə sistemi dəyişdik və rəqibə daha çox təzyiq etdik. Ümumilikdə, daha çox qol vurmağa layiq idik, amma üç xal və qələbə məni sevindirir. Bilirdik ki, burada oyun çətin olacaq. Eyni problemlərlə Çexiya və Şotlandiya da üzləşmişdilər".
Rəşad Eyyubov qələbə qoluna imza atan Murad Məmmədovun performansına təəccüblənmədiyini söyləyib:
"Murad Məmmədovun matçın "açar" oyunçularından biri olacağını bilirdim. Çünki o, "aşağı bloklar"a qarşı oyun üçün əla keyfiyyətlərə malikdir. Ümid edirəm ki, bu qol Murada daha da özünəinam verəcək. Bu nəticənin futbolçuların inkişafı üçün müsbət impuls olacağına inanıram".
O, əsas millinin rəsmi matçlarından sonra U-21-in düşərgəsinə qoşulan Rüfət Abbasovla bağlı da fikirlərini açıqlayıb:
"Rüfətə təşəkkür edirəm. Uzun və çətin yolçuluqdan sonra xarakter göstərdi, 90 dəqiqə mübarizə apardı. Ümumiyyətlə, bütün komanda daha dominant üslubda oynaya bildiyini nümayiş etdirdi. Bir çox futbolçular məni müsbət mənada təəccübləndirdilər".
R.Eyyubov əsas millinin baş məşqçisi Ayxan Abbasovun matçı stadiondan izləməsinə də toxunub:
"Milli komandanın baş məşqçisinin oyunumuzu izləməsi xoş oldu. Bu, futbolçulara əlavə motivasiya verdi. İndi isə görülən işin təhlilini aparacağıq. Gələcəyə nikbin baxırıq".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Cəbəllüttariqlə səfər matçında 1:0 hesablı qələbə qazanıb.