Cari ilin 10 ayında Azərbaycanın ümumi ticarət dövriyyəsi 40 milyard 862 milyon 42.23 min dollar təşkil edib.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatları 21 milyard 636 milyon 816.56 min dollar, idxal əməliyyatları isə 19 milyard 225 milyon 225.67 min dollar təşkil edib.
Ölkənin ticarət dövriyyəsində əsas yeri İtaliya tutur: bu ölkə ilə olan ticarət dövriyyəsi 10 milyard 556 milyon 149.23 min dollar təşkil edərək ümumi dövriyyənin 25.83 faizinə bərabər olub. İtaliya, eyni zamanda, Azərbaycanın əsas ixracat tərəfdaşı olaraq qalır, belə ki, ümumi ixracın 46.9 faizi (10 milyard 148 milyon 218.52 min dollar) bu ölkənin payına düşür.
İxracda İtaliyadan sonra Türkiyə (13.04 faiz) və Rusiya (4.51 faiz) yer alıblar.
İdxal əməliyyatlarında isə vəziyyət fərqlidir: idxalda əsas tərəfdaş ölkə Çindir. Çindən idxalın dəyəri 3 milyard 735 milyon 211.99 min dollar olub. Bu da ümumi idxalın 19.43 faizini təşkil edir. Çindən sonra ən böyük idxal həcminə Rusiya (3 milyard 176 milyon 432.82 min dollar, 16.52 faiz) və Türkiyə (1 milyard 949 milyon 108.93 min ABŞ dolları, 10.14 faiz) malikdir.
Elmidar Əliyev