Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik tədbirlərini təqdim edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Stiven Douti bildirib ki, yeni məhdudiyyətlər İslam Respublikasının ticarət və dəniz daşımaları sahələrinə təsir edəcək.
"Bu maliyyə tədbirləri İran hökumətinin Böyük Britaniya maliyyə sisteminə çıxışı və nüvə proqramını dəstəkləmək üçün vəsait toplamaq imkanlarını daha da məhdudlaşdıracaq. Bu qanunvericilik ticarət qadağalarına məruz qalan malların, texnologiyaların və xidmətlərin siyahısını genişləndirir. Buraya İranın nüvə potensialına töhfə verən sənaye sahələrində əsas rol oynayan sektorlar, eləcə də gəmiçilik, sığorta və bankçılıq da daxil olmaqla əlaqəli fəaliyyətlər daxildir", - deyə Stiven Douti bildirib.
O, həmçinin qeyd edib ki, İranın ənənəvi silah istehsalı və nüvə potensialının inkişafı üçün mühüm əhəmiyyət kəsb edən əlavə mal və texnologiyaların" ixracı qadağan edilir. Bundan əlavə, bir sıra istisnalar olmaqla, İran təyyarələrinin Böyük Britaniyada eniş etməsinə qadağa qoyulur.