İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində 80-dən çox insan xəsarət alıb, 33 nəfər xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya Nəqliyyat Polisi məlumat yayıb.
"Otuz üç nəfər xəstəxanaya yerləşdirilib, onlardan 11-nin vəziyyəti ağırdır. Digər 56 nəfər isə aldıqları xəsarətlərlə bağlı tibbi yardım alıb", - deyə açıqlamada bildirilir.
Daha əvvəl toqquşma nəticəsində bir nəfərin öldüyü bildirilmişdi. Polis ölən şəxsin qatarlardan birinin maşinisti olduğunu müəyyən edib.
İngiltərədə iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayının 50-100 nəfər arasında olduğu ehtimal edilir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" hadisə şahidinə istinadən məlumat yayıb.
Sərnişinlərdən biri nəşrə bildirib ki, müxtəlif dərəcəli xəsarətlər alan onlarla insan görüb.
"The Daily Telegraph" qəzetinin məlumatına görə, hər iki qatar London şəhərindəki "St. Pancras" vağzalına doğru hərəkət edirmiş. Qatarlardan biri Nottingem şəhərindən, digəri isə Korbi yaşayış məntəqəsindən yola çıxıb.
İlkin məlumata əsasən, birinci qatar avtomatik əyləcləmə həyata keçirən təhlükəsizlik sistemində nasazlıq yarandığı üçün dayanıb. Bundan sonra arxadan gələn ikinci qatar onun son vaqonuna çırpılıb.
Qəza "Bedford" vağzalından təxminən 4 kilometr cənubda baş verib. Hadisə ilə əlaqədar həmin ərazidə qatarların hərəkəti dayandırılıb.
Böyük Britaniyanın Bedford şəhərində "East Midlands Railways" şirkətinə məxsus iki sərnişin qatarı toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
İlkin məlumata görə, birinci qatar təhlükəsizlik sistemində yaranmış nasazlıq səbəbindən məcburi şəkildə dayanıb. Onun arxasınca hərəkət edən ikinci qatar isə dayanmış qatara arxadan çırpılıb. Toqquşmanın təsirindən vaqonlardan biri relsdən çıxıb.
Qeyd olunub ki, sərnişinlər arasında yaralananlar var. Onlardan bəzilərinin vəziyyətləri ağır qiymətləndirilir. Zərərçəkənlərin dəqiq sayı hələ açıqlanmayıb.
Hadisə yerinə beş helikopter, 30-dan çox təcili yardım maşını cəlb olunub.
Qəzanın baş verdiyi dəmir yolu sahəsində hərəkət günün sonunadək dayandırılıb.