Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ-nin dövlət katibi Marko Rubionun iki ölkə arasındakı münasibətlərə təsirini azaltmaq məqsədilə Prezident Donald Trampa vasitəçilərsiz - birbaşa əlaqə yaratmağı təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə "CNN Brasil" Braziliya prezidentinin məsləhətçilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, son həftələr ərzində Lula Rubionun addımlarını tənqid edib və onun iki ölkə əlaqələrindəki rolunu Trampla müzakirə etmək niyyətində olub. Ötən həftə baş tutan telefon danışığı zamanı o, dövlət başçılarının gələcək təmaslarında həm ABŞ, həm də Braziliya tərəfindən olan vasitəçiləri kənarlaşdırmağı təklif edib.
Bununla yanaşı, Lula da Silva ABŞ liderinə Braziliya rəhbərliyi haqqında verilən informasiyaların yanlış və ya təhrif edilmiş ola biləcəyini vurğulayıb. Söhbət əsasən oktyabrda Braziliyada baş tutacaq prezident seçkiləri ərəfəsindəki elektron səsvermə prosesindən gedib.
2026-cı ildə Lula da Silva ilə Donald Tramp Administrasiyası arasındakı fikir ayrılıqları fonunda Braziliya və ABŞ münasibətləri gərginləşib. Bu vəziyyəti yaradan əsas səbəblərdən biri Vaşinqtonun Braziliya məhsullarına qarşı tətbiq etdiyi rüsumlardır ki, Lula bunu siyasi xarakterli gediş kimi qiymətləndirib.
Həmçinin, ABŞ-nin Braziliyanın daxili siyasətinə müdaxilə etməsi iddiaları ilə bağlı da fikir ayrılıqları mövcuddur. Qeyd olunur ki, Lula da Silva Tramp komandasının təmsilçilərini gələcək seçkilərə müdaxilə cəhdlərində ittiham edib. Braziliya prezidentliyinə iddialı olan Flavio Bolsonaronun Marko Rubio ilə bir araya gəlməsi də bu iddialara əsas kimi gətirilir.
Bundan başqa, iyul ayında Braziliya tərəfi ölkədə seçki prosesinə qarışmağı hədəfləyən iki ABŞ rəsmisinə ölkəyə daxil olmaq üçün viza verməkdən imtina edib.