Braziliyanın San-Paulu şəhərinin müxtəlif yerlərində içində insan cəsədlərinin olduğu zibil torbaları aşkarlanıb və bu da şəhərdə silsilə qətllər törədən manyakın olduğuna dair sakinlər arasında təşviş yaradıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Braziliyanın "Metropoles" nəşri yazıb.
Məlumata görə, torbaların içində həm kişi, həm də qadın cəsədləri olub. Cəsədlərin tapılma tərzi və polis tərəfindən bildirilən ölüm səbəbləri arasındakı oxşarlıqlar səbəbindən bölgədə manyakın gəzdiyinə dair fikirlər formalaşıb.
Bildirilir ki, ilk cəsəd sentyabrın 5-də, ən sonuncusu isə oktyabrın 2-də tapılıb. İlk cəsədi səhər saatlarında şəhərin cənubundakı Cabakuara məhəlləsində təmizlik işçiləri yol kənarında zibil torbasının içində görüblər. Bundan cəmi beş gün sonra, sentyabrın 10-da daha iki cəsəd aşkar edilib ki, bunlardan biri səhər saatlarında şəhərin şərq hissəsindəki Vila-Çuka məhəlləsində polis məmuru tərəfindən tapılıb və bədənində güllə yaraları tapılan qadına aid olub. Eyni gün şəhərin şərq istiqamətində, birincidən təxminən üç kilometr aralıda, boş bir sahədə, bağlanmış, adyala bükülmüş halda plastik torbanın içərisində ikinci cəsəd tapılıb, lakin onun fiziki xüsusiyyətlərini, cinsiyyətini və hər hansı yarasının olub-olmadığını müəyyən etmək mümkün olmayıb.
Doqquz gün sonra, sentyabrın 19-da San-Paulunun şimalındakı Jasana məhəlləsinin çətin əlçatan ərazisində aparılan axtarış zamanı polis məmuru tərəfindən parçalara bölünmüş və plastik torbalara yerləşdirilmiş başqa bir cəsəd aşkarlanıb. Cəsəd kişiyə aid olub, lakin onun kimliyini müəyyən edə biləcək baş və əllər kimi hissələri olmayıb.
Sentyabrın 25-də polis məmurları şəhərin cənub hissəsindəki Vila-Andrade rayonunda mələfəyə bükülmüş, naməlum bir kişinin cəsədini tapıblar.
İki gün sonra, sentyabrın 27-də polis cənub bölgəsindəki Jardim-Sao-Luis məhəlləsində mələfəyə bükülmüş insan başı tapıb və görünüşünə görə başın kişiyə məxsus olduğu ehtimal edilir.
Daha sonra, bu yerdən təxminən 21 kilometr aralıda, Böyük San-Pauludakı İtapeserika-da-Serra rayonunda başsız cəsəd tapılıb.
Ən son isə oktyabrın 2-də paytaxtın şərq hissəsində plastik torbanın içində naməlum kişi cəsədi aşkar edilib. Polis qrupları cəsədi Via-Parque velosiped yolunda qolları və ayaqları skoçla bağlanmış vəziyyətdə tapıb.
Məsələ ilə bağlı araşdırmalar davam edir.