Braziliyanın Qoyaniya şəhəri yaxınlığında eniş etməyə çalışan kiçik kənd təsərrüfatı təyyarəsi avtomobillə toqquşaraq onun damını qoparıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Braziliyanın kənd yollarından birində yanacaq doldurmağa hazırlaşan kənd təsərrüfatı təyyarəsi içərisində beş nəfərin olduğu "Ford Ka" markalı avtomobillə toqquşub.
Qeyd olunur ki, avtomobildəki üç sərnişin, o cümlədən səkkiz yaşlı uşaq xəsarət alıb. Daha bir nəfər isə aldığı xəsarətlər nəticəsində sonradan vəfat edib.
Güclü zərbə nəticəsində avtomobilin damı və arxa hissəsinin böyük bir qismi qopub. Pilot toqquşmadan yayınmaq üçün təyyarəni kəskin şəkildə yuxarı qaldırmağa çalışsa da, buna nail ola bilməyib. O, hadisə yerinin yaxınlığında qəza enişi edib.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.