Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Braziliyanın keçmiş prezidenti peyvənd sənədlərini saxtalaşdırıb
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru COVID-19 peyvəndi ilə bağlı sənədləri saxtalaşdırıb.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Siyasətçi açıq şəkildə peyvəndlərə qarşı çıxış edib və işgüzar səfərlə bağlı tələb olunan sertifikatı almaq üçün peyvəndlənmə prosedurundan “keçib”.
Müstəntiqlər belə qənaətə gəliblər ki, eks-prezidentin 2021-ci ildə San-Pauluda peyvənd olunmasına dair qeydlər saxtadır. Prosedur günü Bolsonaru hətta şəhərdə olmayıb.
2023-cü ilin may ayında Braziliya polisi artıq Bolsonaronun ABŞ-yə səyahət məhdudiyyətlərini aşmaq üçün saxta koronavirus peyvəndi sertifikatı hazırladığından şübhələnib. Ümumilikdə bu işdə (Bolsonaru ilə birlikdə) 16 şübhəli var. Cəmi yeddi nəfərin - Bolsonaru, onun 12 yaşlı qızı, keçmiş köməkçisi Mauro Cid, köməkçinin həyat yoldaşı və üç qızının peyvənd məlumatları saxtalaşdırılıb.
Polis şübhəlilərin paytaxt Brasiliya və Rio-de-Janeyrodakı evlərinə basqın edib. Bolsonarunun evində də axtarış aparılıb, həmçinin onun mobil telefonu müsadirə edilib. Keçmiş prezident özü sənədlərin saxtalaşdırılması faktını inkar edib.
“Heç vaxt məndən heç bir yerdə peyvənd sertifikatı tələb olunmayıb, mənim tərəfimdən heç bir müdaxilə olmayıb”, - o bildirib.
Qeyd edək ki, Bolsonaru peyvənd əleyhinə ən fəal siyasətçilərdən biridir. COVID pandemiyası zamanı o, açıq şəkildə peyvəndlərə qarşı çıxıb. Braziliyada həmçinin bir çox anti-COVID tədbirləri gec tətbiq olunub və dövlət başçısı özü də onları pozub.
Mənbə: Reuters
Rəylər