Böyük Britaniya sakini 76 milyon funt sterlinq məbləğində cekpotun qalibi olub.
Oxu.Az xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb.
Boston şəhərindən olan inşaatçı Endrü Klark lotereya biletləri alıb və onları yoxlamadan furqonuna yığıb. Dostları onu altı aydan sonra birtəhər yola gətirərək, biletlərdəki rəqəmləri yoxlamağa vadar ediblər.
“Bu, Milad nağılına bənzəyir, 76 milyon funt sterlinq az qala əlimdən çıxacaqdı”, - deyə Klark bildirib.
Qış günlərinin birində iş yoldaşı və qardaşı qızı yenidən Klarka biletləri xatırladıb. O, həvəssiz şəkildə televizorun önündən qalxaraq, yığılmış bir yığın lotereyanı yoxlamağa başlayıb. 76 milyon məbləğində cekpot qazandığını öyrəndikdən sonra sevincdən qışqırığı bütün evi bürüyüb.
Bu, Britaniya tarixində qazanılan 12-ci ən böyük cekpotdur.
Rəylər