Böyük Britaniyada İranda baş verən iğtişaşlarda həlak olanlara həsr olunmuş xatirə divarının yandırılması ilə bağlı iki nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya polisinin açıqlamasında bildirilib.
Məlumata görə, aprelin 27-də Londonun şimalında yerləşən Qolders-Qrin rayonunda baş verən hadisə ilə bağlı antiterror araşdırması çərçivəsində mayın 4-də Romford ərazisində 46 yaşlı kişi və 38 yaşlı qadın saxlanılıb. Onlar insanların həyatını təhlükəyə atmaq niyyəti ilə qəsdən yanğın törətməkdə şübhəli bilinirlər və hazırda polis nəzarətindədirlər.
Bildirilib ki, fevralın sonundan etibarən İranda baş verən hadisələr fonunda Londonda yəhudi və ya iranlı təşkilatlara qarşı bir sıra hücumlar qeydə alınıb. Bunlara "Hatsala" könüllü təşkilatının təcili yardım avtomobillərinin yandırılması, "Jewish Futures" xeyriyyə təşkilatının binasına, "Iran International" telekanalının sahibi olan "Volant Media" şirkətinin ofisinə və iki sinaqoqa qarşı yandırma cəhdləri daxildir.
Xatırladaq ki, 2025-ci ilin dekabrında Tehranda milli valyutanın kəskin ucuzlaşması fonunda etiraz aksiyaları başlayıb, daha sonra iğtişaşlar ölkənin bir çox şəhərinə yayılıb. İran hakimiyyəti baş verənləri terror aktı kimi qiymətləndirərək məsuliyyəti İsrail və ABŞ-nin üzərinə qoyub.