Çin internetə qoşulan texnikalar, o cümlədən traktorlar, dronlar və GPS-lə işləyən suvarma sistemləri vasitəsilə Böyük Britaniyanın kənd təsərrüfatı ilə bağlı məlumatlar əldə edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Britaniyanın "Coalition on Secure Technology" (CST) analitik mərkəzinin hesabatına istinadən məlumat yayıb.
Analitiklərin qiymətləndirməsinə görə, Çinlə əlaqəli qruplar internetə qoşulmuş avadanlıqları sındıra, istehsal həcmləri barədə məlumat əldə edə və onlardan ölkənin ərzaq təhlükəsizliyini qiymətləndirmək üçün istifadə edə bilərlər.
"Kənd təsərrüfatı ənənəvi olaraq enerji və telekommunikasiya kimi milli əhəmiyyətli kritik sahələr sırasına aid edilməsə də, ərzaq istehsalının getdikcə rəqəmsallaşması aqrar sistemləri Böyük Britaniyanın ərzaq təhlükəsizliyi üçün strateji əhəmiyyətli edir. Buna görə də internetə qoşulmuş kənd təsərrüfatı texnologiyalarının qorunmasındakı çatışmazlıqlar ölkə üzrə ərzaq təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb ola bilər", - hesabatda deyilir.
Ekspertlərin fikrincə, Çin məhsuldarlıq, istehsal həcmləri və mal-qaranın sayı barədə məlumatlar əldə edə, həmçinin Britaniyanın ərzaq sistemindəki zəif nöqtələri müəyyən edə bilər.