Böyük Britaniyada küçə rəssamı Benksinin üç əsərinin silinməsi və təhlükəsizliyinin təmin olunmasına vergi ödəyicilərinin vəsaitindən ümumilikdə 150 min funt-sterlinqə (təxminən 202,3 min dollar) yaxın pul xərclənib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Ən böyük xərc Londondakı Kral Məhkəməsinin binasında 2025-ci ilin sentyabrında ortaya çıxan mural ilə bağlı olub. Əsərdə parik taxmış hakimin etirazçını çəkiclə döydüyü təsvir edilib.
Böyük Britaniyanın Ədliyyə Nazirliyi tarixi memarlıq abidəsi statusuna malik binanın divarındakı boyanın silinməsi üçün 50 min funt-sterlinq, əraziyə nəzarət və əlavə iş saatlarına görə isə daha 35,3 min funt-sterlinq xərcləyib.
Muralın silinməsi hazırda lazer texnologiyasından istifadə edilməklə davam etdirilir. Bu üsul nəticə verməsə, zədələnmiş daşların dəyişdirilməsi nəzərdən keçiriləcək. Həmçinin divar boyunca qoruyucu hasarların quraşdırılması üçün müraciət edilib.
Məhkəmələr və Tribunallar Xidmətinin nümayəndəsi bildirib ki, Kral Məhkəməsinin binası memarlıq abidəsidir və qurum onun ilkin görünüşünü qorumağa borcludur. Polis vandalizm faktı ilə bağlı araşdırma aparır, lakin hələlik heç kim həbs edilməyib.
Ədliyyə üzrə kölgə nazir Nik Timoti hadisəni qəbuledilməz adlandıraraq xərclərin Benksi tərəfindən ödənilməli olduğunu bildirib. İncəsənət tənqidçisi Estel Lovatt isə rəssamı müdafiə edərək onun əsərlərinin turistləri cəlb etdiyini və incəsənəti geniş auditoriya üçün əlçatan etdiyini qeyd edib.
Bu, Benksinin əsərlərinin dövlət büdcəsinə böyük xərc yaratdığı ilk hadisə deyil. 2026-cı ilin aprelində Londonun mərkəzindəki bayraqlı kişi heykəlinin ətrafında təhlükəsizlik tədbirlərinin görülməsinə Vestminster Şəhər Şurası tərəfindən təxminən 60 min funt-sterlinq xərclənib. 2024-cü ilin avqustunda isə üzərində piranhalar təsvir olunan polis köşkü 2,2 min funt-sterlinq qarşılığında sökülərək saxlanılması üçün başqa yerə aparılıb.
Benksinin əsərlərinin qorunması ilə bağlı daha əvvəl də oxşar hadisə yaşanıb. 2021-ci ildə Lousttoft şəhərində şəxsi evin divarına çəkilən təxminən altı metrlik qağayı əsəri ev sahibləri Harri və Qokean Kutts üçün ciddi problem yaradıb. Onlar əvvəlcə qraffitini özləri qoruyub, daha sonra vandalizmin qarşısını almaq üçün mühafizəçilər tutublar. Nəticədə əsərin divardan kəsilərək hərracda satılması qərara alınıb. Əsərin dəyəri təxminən 247 min dollar qiymətləndirilib.
Bundan bir il sonra Benksinin 2006-cı ildə Bristolda binanın divarına çəkdiyi məşhur "Well Hung Lover" ("Yaxşı asılmış sevgili") əsəri həmin gürcü üslublu malikanə ilə birlikdə hərraca çıxarılıb. Əsərdə pəncərə karnizindən sallanan kişi və onun aldadılmış rəqibi təsvir edilib.