London qalereyasından küçə rəssamı Benksinin "Şarla qız" rəsmini oğurlayan kişi 13 ay həbs cəzasına məhkum edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Skotland Yard bu barədə açıqlama yayıb.
9 oktyabrda Bekton (London ətrafı) sakini 49 yaşlı Larri Freyzer məhkəmədə soyğunçuluq ittihamları ilə bağlı günahını etiraf edib. Cinayətin özü 8 sentyabr 2024-cü ildə baş verib. Freyzer iki gün sonra yaşadığı yerdə həbs edilib.
Təxminən 270.000 funt sterlinq (355.000 dollar) dəyərində olan rəsm əsəri Londonun mərkəzindəki "Grove" qalereyasına qaytarılıb.
Qeyd edək ki, uzun illərdir kimliyini gizli saxlayan Benksi dövrümüzün ən populyar küçə rəssamlarından biri hesab olunur. O, "Şarla qız" əsərini 2002-ci ildə qrafiti kimi çəkib, sonradan bu mövzunu əks etdirən bir neçə rəsm və çap əsəri yaradıb.