Yüksək vəzifəli məmur Qətər şahzadəsinin üzündən niqabı açıb. O, küçədə təsadüfən ondan yolu soruşan üç qadınla rastlaşıb. Qadınlardan biri niqabda olub. Brüssel meriyasının protokol rəisi Jan-Mari Pir qadınlara yolu göstərmək əvəzinə, ölkədə niqab geyinməyin qadağan olunduğunu deyib və onu qadının üzündən çəkib açıb.
Bəzi məlumatlara əsasən Jan-Mari Pir bu zaman sərxoş olub. O, qarşısında Qətər şahzadəsinin (KİV onun adını dəqiqləşdirmir) olduğunu bilməyib.
Oxu.Az Daily Mail-ə istinadən xəbər verir ki, insident Belçika paytaxtının mərkəzində baş verib. Qeyd etmək lazımdır ki, üzü bağlayan baş örtülərinin bağlanması yalnız Belçikada deyil, eləcə də bir sıra qonşu ölkələrdə, o cümlədən Fransada da qadağandır.
“Mən ona dedim ki, üzünü gizlədən insanla danışmıram. Mən ona niqabın Belçikada qadağan olunduğunu başa salmağa çalışdım. Amma deyəsən mənə sual verən qadın məni eşitmirdi. Ona görə də onun niqabını qaldırdım. Bilirəm, bunu etmək olmazdı, amma o da qanunu pozub” - Pir etiraf edib.
Qətər şahzadəsi şikayət edib ki, məmur onun niqabını çəkərkən örtüyə ilişən sırğalar da dartılıb və o zədə alıb. Qadın Belçika prokurorluğuna şikayət edib və indi Jan-Mari Piri ona hücum etməkdə ittiham edə bilərlər. Zərərçəkənin özünü isə ictimai yerdə üzübağlı gəzdiyi üçün 140 avro məbləğində cərimə gözləyir.
Bəzi şahidlər Pirin qadına hücum edərkən sərxoş olduğunu iddia edir. Amma Pir bunu inkar edib. Qeyd etmək lazımdır ki, Jan-Mari Pir protokol rəisi kimi xarici vətəndaşlarla, o cümlədən də Yaxın Şərqdən olan qonaqlarla işləyir.
Belçika ictimai yerdə üzübağlı gəzməyi qadağan edən ilk ölkə deyil. 2012-ci ildə Belçika Fransanın ardınca bu qanunu qəbul edib. Qeyd etmək lazımdır ki, Fransada beş milyona yaxın müsəlman yaşayır. Niqabın bağlanması qadağasını İsveçrə sakinləri də dəstəkləyir.