Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Brüsseldə azarkeşləri güllələyən şəxsin ölüm xəbəri təsdiqləndi - YENİLƏNİB - FOTO/VİDEO
Brüsseldə İsveç milli futbol komandasının iki azarkeşini güllələyən şəxsin ölüm xəbəri öz təsdiqini tapıb.
Bu barədə Belçika Federal Böhran Mərkəzi “X” sosial şəbəkəsində bildirib.
Məlumata görə onun kimliyi də artıq müəyyənləşdirilib.
12:34
Brüsseldə insanlara atəş açan şəxs ölməyib, o ağır yaralıdır.
Bu barədə federal polis idarəsindən məlumat verilib.
“İki isveçli azarkeşin qətlində şübhəli bilinən şəxs Brüsseldə saxlanılarkən ağır yaralanıb. Onun üzərindən avtomat tapılıb”, - deyə məlumatda bildirilir.
Yerli mediada yayılan xəbərə görə, şübhəlinin Skarbekdəki mənzilində aparılan axtarışdan sonra onun iki əlbiri müəyyən edilib, onlar axtarışdadır.
Bundan əvvəl Belçika mediası şübhəlinin Brüsselin Skarbek kommunasında yerləşən kafedə polis tərəfindən güllələndiyini yazmışdı. RTBF və VRT telekanalları şübhəlinin reanimasiyada dünyasını dəyişdiyini xəbər verib, ancaq bunun rəsmi təsdiqi yoxdur.
Brüsseldə hələ də terror təhlükəsinin dördüncü səviyyəsi (ən yüksək) qüvvədədir, bütün ölkə üzrə isə üçüncü səviyyə tətbiq edilib; bu kateqoriyalar yalnız polis və fövqəladə hallar xidmətlərinin iş saatlarına aiddir, paytaxtda ictimai həyat həmişəki kimi davam edir.
Mənbə: TASS
11:18
Brüsseldə Belçika və İsveç milli komandaları arasında futbol matçının keçirildiyi “Heysel” stadionu yaxınlığında insanlara atəş açan və iki nəfərin ölümündə şübhəli şəxs paytaxt kafelərindən birində məhv edilib.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Eyni zamanda, qeyd edilir ki, məhv edilən şəxsin Brüsseldə İsveç vətəndaşlarını qətlə yetirən şəxs olduğuna tam əminlik yoxdur.
Xatırladaq ki, bazar ertəsi axşam saatlarında Brüsseldə naməlum şəxs iki isveçli futbol azarkeşini öldürüb. Yerli hakimiyyət orqanları, eləcə də Aİ qurumlarının rəhbərləri hücumu terror aktı adlandırıblar. Hadisə ilə əlaqədar Brüsseldə antiterror əməliyyatı rejimi tətbiq edilib.
Cinayətdən əvvəl hücumçu sosial şəbəkələrdə video yayaraq adının Slayem Sluma və özünün İŞİD üzvü olduğunu elan edib.
Mənbə: VRT