"Bugatti"nin baş direktoru və "Rimac Group"un təsisçisi Mate Rimak özünə məxsus "Bugatti Chiron" modelinin oğurlandığını təsdiqləyib. O, həmçinin oğrunu "Porsche 911" avtomobili ilə necə təqib etməyə çalışdığını danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CarBuzz" nəşri məlumat yayıb.
Rimakın sözlərinə görə, o, illər ərzində avtomobillərinin, o cümlədən "Chiron" və "Nevera" modellərinin açarlarını maşınların içərisində saxlayıb. Belə ki, iş adamı "Chiron"u Xorvatiyadakı zavodun yaxınlığında yerləşən açıq dayanacaqda saxlayır və həmin ərazini tamamilə təhlükəsiz hesab edirdi. Hətta bəzən dostları və iş yoldaşları 1 500 at gücünə malik hiperkarı sürmək üçün götürürdülər.
Avtomobilin Sloveniya istiqamətində hərəkət etdiyini öyrənən Rimak polisin gəlməsini gözləmədən dərhal "Porsche 911"in sükanı arxasına keçib. O, sərhədin vaxtında bağlanacağına ümid edərək oğrunun arxasınca düşüb.
Lakin Zaqrebdəki ofisdən Sloveniya sərhədinə qədər təxminən 10 mil, Avstriya sərhədinə qədər isə 100 mil məsafə var idi. Oğrunun həm "Chiron" kimi sürətli avtomobili, həm də bir saatlıq üstünlüyü olduğundan, hüquq-mühafizə orqanları əməliyyatı tam planlaşdıranadək avtomobil artıq başqa ölkənin ərazisinə keçmişdi.
Şirkət rəhbəri oğrunu şəxsən tuta bilməsə də, "Chiron" Avstriya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Avtomobil sahibinə qaytarılıb. Rimak isə sənədləşmə işləri ilə əlaqədar bütün gecəni polis şöbəsində keçirməli olub.
O, rəsmi şikayət vermək istəmədiyini bildirsə də, cinayətin beynəlxalq xarakter daşıması və avtomobilin yüksək qiyməti səbəbindən buna məcbur qala bilər. Hiperkar isə hadisədən yalnız ön bamperinin dəyişdirilməsinə ehtiyac yaranmaqla xilas olub.