Bu həftəsonu Cənubi Koreyada sənaye casusluğundan müdafiə haqqında qanuna edilən dəyişikliklər qüvvəyə minəcək.
Oxu.Az-ın "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu düzəlişlər ilk növbədə "Samsung Electronics" və "SK Hynix" kimi çip istehsalçılarının qabaqcıl texnologiyalarının çinli rəqiblərdən qorunması məqsədilə qəbul edilib.
Agentlik bildirir ki, son illərdə Cənubi Koreya kommersiya sirlərini xaricə sızdırmaqda təqsirləndirilən çip sənayesinin keçmiş işçilərinə qarşı getdikcə daha sərt cəza tədbirləri tətbiq edir. Lakin əvvəllər məhkəmələr yalnız Şimali Koreya (KXDR) kəşfiyyatı üçün işləyən şəxslərə aid edilən casusluq tərifi ilə məhdudlaşırdı.
Məlumata görə, yenilənmiş qanunda Çinin adı birbaşa hallanmır. Buna baxmayaraq, polis məlumatlarına əsasən, ötən il qeydə alınmış texnologiya sızması hallarının tən yarısı məhz Çinlə əlaqəli olub. Bir sıra hökumət və sənaye hesabatlarında Çinin "CXMT Corp." və "Yangtze Memory Technologies" şirkətlərinin qlobal yaddaş bazarında paylarını sürətlə artırdığı və tezliklə Cənubi Koreya nəhənglərinə çata biləcəyinə dair xəbərdarlıqlar yer alır.