Çinin sosial şəbəkələrində süni intellekt vasitəsilə yaradılan rəqəmsal avatarlar populyarlaşıb. "Syaohay" adlandırılan bu obrazlar məktəbli geyimində və ya ağ köynəkdə, göz yaşları içində yoxsulluqdan danışan yeniyetmə oğlanları təsvir edir. Yerli medianın məlumatına görə, fırıldaqçılar bu videolar vasitəsilə yaşlı insanlara emosional təsir göstərərək onlardan pul əldə edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
Videolardan birində oğlan əlində buxarda bişirilmiş çörək tutaraq sinif yoldaşlarının nahar etməyə getdiyini, özünün isə yeməyə heç nəyi olmadığını deyir. Digər videoda isə təhsil haqqını ödəyə bilmədiyi üçün təhqir olunduğu və yağış altında dayanmağa məcbur edildiyi göstərilir.
Avatarlar təkbaşına övlad böyüdən atalarına kömək etmək üçün pula ehtiyac duyduqlarını da bildirir, eyni zamanda bioloji aktiv qida əlavələrini və məişət məhsullarını reklam edirlər. Məlumata görə, bəzi məhsulların qiymətləri onların real dəyərindən xeyli yüksək olur.
Fırıldaqçıların əsas hədəfi yaşlı insanlardır. Onların bir çoxu şərhlərdə saxta obrazlara ana qayğısı ilə yanaşır. Bu yaxınlarda polis 79 yaşlı qadını "Syaohay"la görüşmək üçün qatara minərkən saxlayıb. Qadın rəqəmsal obrazın dəvətinə inanaraq görüşə getmək istəyib. Polis əməkdaşları ona oğlanın real insan olmadığını izah edərək evə qayıtmasına kömək ediblər.
Hüquqşünaslar satış məqsədilə uydurma hekayələrdən istifadə edilməsinin dələduzluq hesab oluna biləcəyi barədə xəbərdarlıq edirlər.
Pekin Universitetinin professoru Ma Lyan isə problemin daha dərin səbəblərinə diqqət çəkib. Onun sözlərinə görə, bir çox yaşlı insan ciddi tənhalıq yaşayır və internet üzərindən alış-veriş etməklə emosional boşluqlarını doldurmağa çalışır.