ABŞ-nin Tennessi ştatında qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçıb.
Oxu.Az xəbər verir ki, bu barədə CNN ştatın Cəzaçəkmə Müəssisələri Departamentinə istinadən məlumat yayıb.
Məlumata görə, "Northwest" islah müəssisəsinin əməkdaşları gecə saatlarında məhbusun yoxa çıxdığını aşkar ediblər. Təhlükəsizlik kameralarının görüntülərində Morlinin həbsxananın perimetr hasarını aşaraq məhbus geyimində ərazini tərk etdiyi əks olunub.
Tennessi Təhqiqatlar Bürosunun məlumatına əsasən, Morli daha sonra ağ rəngli "Ford" markalı pikap avtomobilini oğurlayıb. O, həbsxanadan təxminən 24 kilometr məsafədə yerləşən Hornbik yanğınsöndürmə məntəqəsinin yaxınlığında oğurlanmış avtomobili idarə edərkən görülüb.
Morli 2022-ci ilin fevralından itkin düşən Kodi Börçfildin birinci dərəcəli qətlində təqsirli bilinib. Börçfildin meyiti itkin düşməsindən bir neçə həftə sonra Morlinin evinin altında yerləşən qutuda aşkarlanıb.
O, həmçinin ağır oğurluq, sübutların məhv edilməsi, həbsdən yayınma və vandalizm cinayətlərinə görə məhkum edilib.
Tennessi Təhqiqatlar Bürosu Morlini ən çox axtarılan şəxslər siyahısına daxil edib. Onun tutulmasına kömək edəcək məlumat verən şəxsə 2 500 dollaradək mükafat vəd olunub.