Çinin Sincan bölgəsindəki turizm məkanlarından birində animator-robot çıxış edərkən azyaşlıya xəsarət yetirib. Hadisə anı görüntülərə düşüb və sosial şəbəkələrdə geniş yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Kursiv.media" məlumat yayıb.
Görüntülərdə robotun karate fəndləri nümayiş etdirən zaman oğlan uşağını ayağı ilə vurduğu əks olunub. Zərbə nəticəsində uşaq qarnını tutaraq ağrıdan yerə çöküb və ağlamağa başlayıb.
Uşağın anası baş verənlərlə bağlı polisə müraciət etdiyini bildirib. O, park əməkdaşlarının vəziyyətə operativ reaksiya vermədiyini iddia edib. İlkin məlumatlara görə, robot park administrasiyası tərəfindən idarə olunurdu. Xoşbəxtlikdən, uşağın ciddi xəsarət almadığı bildirilir.
