Çin lideri Si Cinpin ölkəsinin Rusiya ilə əlaqələrini böyük dövlətlər arasında yeni növ qarşılıqlı fəaliyyət nümunəsi hesab edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Çin rəhbəri bunu noyabrın 18-də Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bildirib.
Si Cinpinin sözlərinə görə, Pekin ilə Moskva arasındakı münasibətlər sabit və etibarlı olaraq qalır, beynəlxalq vəziyyətin qısamüddətli dəyişikliklərindən təsirlənmir.
O, həmçinin vurğulayıb ki, hər iki dövlət çoxşaxəli əməkdaşlığı dərinləşdirməyə, çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşməsinə dəstək verməyə davam etməlidir.
Çin lideri hazırkı görüşün rəmzi əhəmiyyətinə də toxunub. Bu, həm şəxsi danışıqlar, həm də videokonfrans formatındakı təmaslar nəzərə alınmaqla, 2013-cü ildən bəri Putin və Cinpinin 50-ci görüşüdür. Bununla yanaşı, liderlər 2026-cı ildə artıq üçüncü dəfədir ki, təkbətək təmasda olurlar.
Xatırladaq ki, may ayında Vladimir Putin Pekinə səfər edib və orada tərəflər xüsusən də "Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında" Müqavilənin müddətinin uzadılmasını təsdiqləyiblər. Avqust ayında isə dövlət başçıları Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində danışıqlar aparıblar. Rusiya-Çin münasibətləri ilə yanaşı, APEC İşgüzar Sammitindəki çıxışı zamanı Si Cinpin Şençjenin iqtisadi inkişafına da diqqət çəkib. O, 40 ildən çox müddət ərzində şəhərin kiçik bir qəsəbədən böyük beynəlxalq meqapolisə çevrildiyini qeyd edərək, onun inkişafını dünya iqtisadiyyatındakı əhəmiyyətli dəyişikliklərin bariz nümunəsi adlandırıb.
Qeyd olunur ki, Rusiya və Çin liderləri arasında ən yüksək səviyyədə başlayan danışıqlar artıq bir saatdan çoxdur davam edir. İki lider qısa açılış nitqindən sonra müzakirələri mətbuat nümayəndələri üçün qapalı formatda aparıblar. Dövlət başçılarını hər iki tərəfdən təqribən on nəfərlik geniştərkibli nümayəndə heyəti müşayiət edir.