ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində polis zorakılığı nəticəsində həyatını itirmiş afroamerikalı Corc Floydun nəşi dəfn edilmək üçün Hyustona gətirilib.
“WBAL TV 11” telekanalının məlumatına görə, Hyuston polisinin rəisi Art Asevedo Floydun ailəsinin də dəfn mərasimində iştirak etmək üçün Texasa gəldiyini bildirib.
Bu gün keçiriləcək dəfn mərasimində ABŞ-ın bir sıra tanınmış siyasətçilərinin və hüquq müdafiəçilərinin iştirakı gözlənilir. Demokratik Partiyadan prezidentliyə ən real namizəd olan Co Baydenin də başsağlığı vermək üçün Hyustona səfər edəcəyi deyilir.
Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.
Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.