Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: "Gürcüstan və Azərbaycan bu gün regional güc mərkəzinə çevriliblər"
"Gürcüstan-Azərbaycan münasibətlərinin tarixi çox qədimlərə gedib çıxır. İki ölkə arasındakı dostluq, qardaşlıq münasibətləri bir çox ölkələr üçün nümunədir. Strateji tərəfdaşlıq əlaqələrimiz ildən-ilə güclənir, keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son işgüzar səfəri də bunu sübut etdi. İkinci dəfə hökumət başçısı olduqdan sonra ilk səfərini ölkəmizə edən Kobaxidze bununla da Tbilisinin Azərbaycanla əlaqələrə nə qədər böyük önəm verdiyini nümayiş etdirdi".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
İki ölkənin tarixində və taleyində xeyli oxşar məqamların olduğunu diqqətə çatdıran deputat üzləşdiyimiz faciələrin bir-birinə bənzədiyini bildirib:
"Şərqlə Qərbi bir-birinə qovuşduran Gürcüstan və Azərbaycan bu gün dünyanın diqqət mərkəzindədir. Dəyişən regional və qlobal şərtlər fonunda ölkələrimiz birgə addımlar sayəsində etibarlı körpü və mühüm oyunçular kimi çıxış edirlər. Kobaxidzenin Bakıya son səfərinin əsas məqsədi təkcə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək deyil, həm də birlikdə regional güc kimi çıxış etməkdir. Gürcüstanın baş naziri ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ötən gün dünya mediasının, siyasi düşüncə mərkəzlərinin əsas müzakirə mövzusuna çevrildi. Bakıdakı görüşdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu, habelə regional əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycan və Gürcüstanı mehriban qonşuluq və tarixən dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini diqqətə çatdırdı. Dövlət başçısı xüsusilə vurğuladı ki, bu gün Gürcüstan-Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, ölkələrimiz o sahələrdə əməkdaşlıq etməsin. Ötən əsrin əvvəllərində Qafqazın mədəniyyət beşiyi hesab olunan Tbilisi bu gün də azərbaycanlılar üçün doğma şəhər hesab olunur. İş adamlarımızın bu ölkəyə yatırdığı sərmayələr milyardlarla dollar həcmindədir. Mətbuata açıqlamasında Prezident İlham Əliyev Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyduğunu diqqətə çatdırdı. Dövlət başçısı bunu Gürcüstanda olan çox müsbət sərmayə iqliminin yaradılması ilə əlaqələndirdi. Rəsmi Tbilisinin yürütdüyü uğurlu iqtisadi siyasətin nəticəsidir ki, Azərbaycan investorları da böyük həvəslə Gürcüstana sərmayə yatırırlar. İki ixrac neft və iki ixrac qaz kəmərlərimiz Gürcüstandan keçir ki, bu da ölkə üçün əhəmiyyətli gəlir mənbəyi deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti böyük əhəmiyyət kəsb edir. Gürcüstan dövlətinin inkişafında, orada əmin-amanlığın və firavanlığın təmin olunmasında dünyada Azərbaycan qədər maraqlı olan ikinci bir ölkə tapmaq çətindir. Çünki strateji enerji layihələri və nəqliyyat dəhlizlərinin keçdiyi Gürcüstanda ictimai-siyasi sabitliyin olması regional rifahın qorunması baxımından böyük əhəmiyyət kəsb edir. Dövlətimiz Gürcüstanın ərazi bütövlüyünə dərin hörmət bəsləyir və ölkədə baş verən siyasi prosesləri diqqətlə izləyir. Gürcüstanda hakimiyyətdə hansı siyasi qüvvənin mövcudluğundan asılı olmayaraq Azərbaycan dövləti ən çətin günlərdə öz qardaş dəstəyini əsirgəməyib. Gürcüstanın həm keçmiş, həm də indiki dövlət başçıları Azərbaycanın siyasi rəhbərliyinin dəstəyini yüksək qiymətləndirib və minnətdarlıq hissi ilə qeyd ediblər.
Gürcüstan və Azərbaycan həm beynəlxalq, həm də regional təşkilatlarda həmişə bir-birinə dəstək olublar. Bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanıyıblar. İkinci Qarabağ müharibəsindən sonra özünün ərazi bütövlüyünü təmin edən və Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan ilə münasibətləri inkişafı etdirmək Gürcüstan üçün də həyati əhəmiyyət daşıyır. Ali Baş Komandan İlham Əliyevin 44 günlük müharibədə əldə etdiyi parlaq qələbə, ərazi bütövlüyünü təmin edə bilməsi Gürcüstan üçün də müsbət presedent yaratdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı hərbi əməliyyatları ilk dəstəkləyən ölkələrdən biri də Gürcüstan oldu. Təsadüfi deyil ki, mətbuata açıqlamasında Baş nazir Kobaxidze Prezident İlham Əliyevi xalqının, dövlətinin maraqlarını müdafiə edən lider adlandırdı: "Siz regionda fərqli bir lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur". Doğrudan da, bu gün Azərbaycan dövləti və onun rəhbəri bir çox ölkələr üçün nümunədir".
"Bütün hallarda Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son səfəri ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək. Görünən odur ki, yeni formalaşmış Gürcüstan hökuməti Azərbaycanın uğur təcrübəsini öyrənmək ehtiyacı duyub. Gürcüstan hakimiyyətinin daxili və xarici siyasətində etdiyi radikal dəyişikliklər - milli maraqları hər şeydən üstün tutması, beynəlxalq siyasi oyunların alətinə çevrilmək istəməməsi bunu deməyə imkan verir. Hər bir dövlət tarixi köklərinə, dəyərlərinə sadiq qalanda, milli maraqlara söykənən siyasət yürüdəndə daha güclü və nüfuzlu olur. Onu da qeyd etməliyəm ki, Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze qoyublar. İki böyük dövlət xadiminin əsasını qoyduğu sağlam təməl bu gün öz bəhrəsini verir", - deputat əlavə edib.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Deputat: "Meyitlərin yandırılması üçün xüsusi mərkəzlərin yaradılması gündəmdədir"
- Nigar Məmmədova: "Ərəb dünyası ilə münasibətlərin dərinləşməsi ölkəmizə dividendlər qazandırır"
- ABŞ və Ermənistan arasında imzalanacaq sənəd Tramp hakimiyyəti dövrünün arxivinə göndəriləcək?
- Saxta diplomlu "həkim"lərin sayı niyə artır? - "Prosesə üç dövlət qurumu nəzarət edir"
- Prezident müsahibəsində anti-Azərbaycan mövqeyində olanlara açıq mesajlar ünvanlayıb
Rəylər