Rusiyanın ən tirajlı bulvar qəzeti “Komsomolskaya pravda” çərşənbə axşamı bayram edirdi: yeni “Armata” tankı Moskvanın mərkəzi ilə hərəkət edəcək. Rusiyanın müdafiə sənayesindən gələn xəbərlər ilk səhifələrdə yer alır.
Çəkisi 55 tona çatan T-14 “Armata” adlı yeni, nəhəng tank təqdim olundu. Rusiyanın Müdafiə nazirliyi internetdə yeni tankın fotoşəkilləri və kiçik bir video yerləşdirdi. Mayın 9-da bu tank Qırmızı meydandan keçməlidir – bu, Hitler Almaniyası üzərində Qələbənin 70-ci illiyi münasibətilə keçirilən paradın kulminasiya nöqtəsi olacaq.
T-14 Rusiya müdafiə sənayesinin mühüm imic layihəsi və 1991-ci ildə SSRİ-nin dağılmasından sonra hazırlanmış ilk tankdır. Janes Defence Journal “60-cı illərdən indiyədək Rusiya döyüş maşınlarının yaradılması işində böyük dönüşdən” yazır.

Dövlət televiziyası “Rusiyanın silah sənayesinin ən məxfi layihəsindən” xəbər verir. Müdafiə sənayesinə görə cavabdeh olan Rusiya baş nazirinin müavini Dmitri Roqozin “tankqayırmada əsl tərəqqidən” danışır.
“Bu gün dünyada heç kimin – nə amerikalılar, nə də avropalıların belə tankı yoxdur”, - deyə, o bildirir.
Bir neçə həftə əvvəl bloqlar və sosial şəbəkələrdə ilk dəqiq olmayan fotolar yayıldı. Onların əksəriyyəti istehsalçının – Uralvaqonzavodun meydançalarında çəkilmişdi. T-14 rusiyalıları heyran etdi, çünki yeni nəsil tankın peyda olması nadir hallarda baş verən hadisədir. Bunadək ən müasir rus tankı T-90 sayılırdı. O, 80-ci illərin sonundan, alman “Leopard-2” tankı 70-ci illərdən, ABŞ “Abrams”ları isə 80-ci illərdən buraxılır.

Gələn il “Armata”nın kütləvi istehsalı başlamalıdır.
T-14 tankını təqdim edən Moskva güc və müasir yanaşmanı göstərmək istəyir. Tank 125 mm-lik yivsiz topla təchiz olunub, tankın qülləsi məsafədən idarə olunur. Qərb tankları ilə müqayisədə o daha manevrlidir və digər qoşun birləşmələri ilə qarşılıqlı əlaqə üçün bütün zəruri texnika ilə təchiz edilib. Burada əsas məqam setesentrik müharibələrin aparılmasıdır.
Gələn il tankın kütləvi istehsalı başlamalıdır. 2020-ci ilədək Uraldakı zavodda 2300 tank – hər il 500 “Armata” buraxmaq planlaşdırılır. Müqayisə üçün – hazırda Almaniya Quru Qoşunları “Bundesver”in cəmi 225 “Leopard-2” tankı var.
Rusiyanın fikrinə görə, T-14 ona iri dövlətlərlə rəqabətdə silah baxımından özünü yaxşı hiss etməyə imkan verir. Əlbəttə, amerikalılar kimi “çoxsaylı, məqsədyönlü aviazərbələr endirmək olar, lakin gec ya tez yerüstü əməliyyat başlamalıdır”, - deyə, Uralvaqonzavod-un direktoru Oleq Siyenko deyir.
“Armata” ambisiyalı planın mühüm tərkib hissəsidir: 2020-ci ilədək Kreml öz ordusunda müasir texnikanın payını 10%-dən 70%-ə çatdırmağı planlaşdırır. Prezident Putin 19 trilyon rubllıq (350 mlrd. avro) silah almağı planlaşdırır.

Ümumilikdə qarşıdakı illər ərzində 11 min ədəd texnika almaq planlaşdırılır. Onların böyük hissəsi T-14-ün platformasında yığılacaq: söhbət zirehli transportyor və artilleriya silahları, ümumilikdə 12 yeni texnika növündən gedir.

Rusiyanın planlarının kontekstində Almaniya Müdafiə Nazirliyinin planlaşdırma qərargahının keçmiş rəhbəri Hans Rüle (Hans Rühle) “Leopard” tanklarını uran özəkli mərmilərlə təchiz etmək zərurətindən danışır. Artıq bu gün alman texnikası adi mərmilərlə Rusiya zirehini deşə bilmir. Xüsusən də yeni T-14 tanklarını.
Moskvanın öz ambisiyalı planlarını həyata keçirib-keçirməyəcəyi – bu, çox şübhəli sualdır. Dövlət büdcəsi ilə bağlı vəziyyət çətindir, neftin qiyməti aşağıdır, iqtisadiyyat zəifləyib. Uralvaqonzavodun mütəxəssisləri son vaxtlar ayrılan pullardan şikayətlənir və “həmin pula heç motorlu əlil arabası da tikmək olmaz” deyirdilər. Zavod bir “Armata”nın istehsalına 400 milyon rubl tələb edib ki, bu da T-90 tankının qiymətindən üç dəfə bahadır.
Rusiyanın T-14 tankı Qərbin hərbi texnikası ilə rəqabət aparmalıdır. Hitler Almaniyası üzərində Qələbənin yubileyi münasibətilə Qırmızı meydandan ilk “Armata” tankları keçəcək. Bəs Moskvanın möcüzəli silaha pulu çatacaqmı?
Yazının orijinalı: Jubel über T-14: Russland feiert seinen neuen Super-Panzer
Mənbə: İNOSMİ
www.oxu.az