Dağıstanda çoxmənzilli binaya hücum zamanı dörd yaraqlı öldürülüb, xüsusi əməliyyat başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə respublikanın hüquq-mühafizə orqanlarında bildiriblər.
“Əməliyyatın aktiv fazası başa çatıb. İlkin məlumatlara görə, mənzildə olan dörd yaraqlı məhv edilib. Lakin daha dəqiq məlumat xüsusi təyinatlılar mənzilə daxil olduqdan sonra açıqlanacaq”, - deyə, agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, hücum zamanı 15 polis yaralanıb, daha iki nəfər ölüb.
“Ölənlərdən biri Tümendən gəlmiş OMON əməkdaşıdır”, - deyə, mənbə bildirib.
17:32
Silahlılar tərəfindən girov götürülən Dərbənd şəhərinin Cinayət-Axtarışı İdarəsinin rəisi Musa Musayev ölüb.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, onun ölümünə səbəb yaraqlılarla atışma zamanı aldığı ağır güllə yarası olub.
Agentliyin sözçüsünün məlumatına əsasən, onun ölümündən sonra güc strukturları silahlıların sığındığı binaya hücum etməyi qərar alıblar.
Qeyd edək ki. yaraqlılar Dərbənd şəhərinin sabiq icra başçısının atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinirlər.
14:20
Dağıstanın Dərbənd şəhərində sabiq icra başçısının atası Hacıəhməd Qazıəhmədovun qətlində şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilir.
Oxu.Az Life-a istinadən xəbər verir ki, şəhərdə baş verən atışma zamanı silahlılar 3 polis əməkdaşını yaralayıblar, həmçinin yerli Cinayət-Axtarışı İdarəsinin rəisi Musa Musayevi girov götürüblər.
Nəşrin məlumatına görə, şəhərin qədim hissəsinin yaxınlığında, əsasən azərbaycanlıların yaşadığı Qala küçəsində terror əleyhinə əməliyyat rejimi elan edilib.
Yaşayış binasının 5-ci mərtəbəsində sığınan bir qrup silahlı şəxslərlə polis arasında atışma baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə mühasirəyə alınmış cinayətkarlara təslim olmağı təklif ediblər, lakin terrorçular bu təklifə avtomat silahlardan atəşlə cavab veriblər. Baş vermiş atışma nəticəsində 3 polis əməkdaşı yaralanıb.