Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və onun komandası birinci hakimiyyəti dövründə baş verən iki impiçment prosesinin simvolik şəkildə ləğv olunmasına dair qətnamənin qəbulu üçün Konqres üzvlərini yola gətirməyə çalışır.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinad edərək "The Wall Street Journal" (WSJ) nəşri yayıb. Qeyd olunub ki, D.Tramp ABŞ tarixində barəsində iki dəfə impiçment işi açılan yeganə dövlət başçısıdır. Hər iki hadisə onun ilk prezidentliyi dönəmində, yəni 2019-cu və 2021-ci illərdə qeydə alınıb. Həmin vaxt Nümayəndələr Palatası qərarları dəstəkləsə də, Konqresin Senatı onları ləğv etmişdi.
Qəzet xatırladır ki, bu ilin aprelində Respublikaçılar Partiyasından olan konqresmen Darrel İssa hər iki impiçmentin etibarsız sayılması barədə qətnamə layihəsi irəli sürüb. 23 respublikaçının ortaq müəllifi olduğu sənədin mətnində sözügedən prosedurların "Nümayəndələr Palatası impiçment qərarlarını heç vaxt qəbul etməyibmiş kimi sıfırlanması" təklif edilir. Nümayəndələr Palatasının sədri Mayk Conson WSJ-ə müsahibəsində qeyd edib ki, o, qətnamə layihəsini Tramp və onun müşavirləri ilə müzakirə edib, ancaq bu məsələ Respublikaçılar Partiyasının prioritetləri sırasında yer almır. Nəşrdə qeyd olunub ki, Nümayəndələr Palatası sənədi təsdiqləsə belə, bu, Tramp üçün sadəcə rəmzi bir qələbə xarakteri daşıyacaq və ABŞ Konstitusiyasında belə bir hüquqi prosedur olmadığı üçün hər hansı rəsmi qüvvəyə minməyəcək.