Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ukraynaya "Patriot" hava hücumundan müdafiə raketlərinin istehsalı üçün lisenziya verilməsi məsələsində hələ yekun qərar qəbul etmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.
"Bu, tamamilə müstəsna silahdır və biz istehsal lisenziyalarını kimə vermək məsələsində çox ehtiyatlı olmalıyıq", - deyə ABŞ prezidenti bildirib.
"Financial Times" qeyd edir ki, daha öncə NATO zirvə toplantısında Tramp sözügedən lisenziyanın Kiyevə veriləcəyini açıqlamışdı. Ancaq son bəyanatında o bununla əlaqədar qəti mövqe sərgiləmədiyini diqqətə çatdırıb.
Tramp əlavə edib ki, hazırda əsas diqqəti Rusiya və Ukrayna arasında davam edən genişmiqyaslı hərbi münaqişəni dayandırmağa cəmlənib.
"Sadə dillə desək, biz Ukrayna-Rusiya müharibəsinin başa çatmasını istəyirik. Məqsədim raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir", - deyə o qeyd edib.
Nəşrin yazdığına əsasən, Ukrayna lideri Volodimir Zelenski Ağ Evdə Trampla baş tutan son görüşünün ardınca ABŞ prezidentinin müvafiq istehsal lisenziyasının təmin edilməsinə razılaşdığını bildirmişdi. Donald Trampın bu yeni açıqlaması isə rəsmi Vaşinqtonun həmin məsələyə dair yanaşmasının dəyişmək ehtimalından xəbər verir.