ABŞ Prezidenti Donald Tramp Texasda tərəfdarları qarşısında çıxışı zamanı Venesuelanın Birləşmiş Ştatların 51-ci ştatına çevrilməsi ehtimalından bəhs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Kim bilir, bəlkə də, yaxın gələcəkdə Venesuela çiçəklənən 51-ci ştata çevriləcək. Bu, mümkündür. Gəlin, bunu reallaşdıraq. Gəlin, onu 51-ci ştat edək", - deyə Tramp bildirib.
O qeyd edib ki, bu ssenari baş tutarsa, Venesuelada prezident seçkisi əvəzinə qubernator seçkisi keçiriləcək.
"Qənimət qalibə məxsusdur", - deyə Amerika lideri vurğulayıb.
Qeyd edək ki, yanvarın 3-də ABŞ tərəfindən Venesuelada həyata keçirilən genişmiqyaslı əməliyyat nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq Nyu-Yorka aparılıblar. Donald Tramp bəyan edib ki, Maduro və Flores ABŞ üçün təhlükə yaratmaq və "narkoterrorizm" ittihamları ilə məhkəmə qarşısına çıxarılacaqlar. Vitse-prezident Delsi Rodriges isə dövlətin müvəqqəti rəhbəri elan olunub.