Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünyada milyarderlərin sərvəti bir il ərzində sürətlə artıb
Dünyada milyarderlərin sərvəti 2024-cü ildə 2 trilyon dollar artıb ki, bu da 2023-cü ildəkindən üç dəfə çoxdur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti "Oxfam" xeyriyyə təşkilatının hesabatına istinadən yazıb.
"Keçən il qlobal miqyasda milyarderlərin sayı 204 nəfər artaraq 2769 nəfərə çatıb. Onların ümumi sərvəti cəmi 12 ay ərzində 13 trilyon dollardan 15 trilyon dollara yüksəlib ki, bu da uçotun başlanmasından bəri ikinci ən böyük illik artımdır", - deyə məlumatda bildirilib.
"Oxfam"ın hesabatına əsasən, dünyanın 10 ən varlı adamının sərvəti gündə orta hesabla 100 milyon dollar artıb və hətta onlar bir gecədə sərvətlərinin 99%-ni itirsəydilər belə, yenə də milyarder olaraq qalacaqdılar.
Xeyriyyə təşkilatının qeyd etdiyinə görə, yoxsulluq həddinin altında yaşayan insanların sayı 1990-cı ildən bəri, demək olar ki, dəyişməz qalıb və 3,6 milyarda yaxınlaşır ki, bu da dünya əhalisinin 44%-nə bərabərdir. Həmçinin vurğulanıb ki, hər on qadından biri ifrat yoxsulluq şəraitində yaşayır.
Hesabatda iddia edilir ki, sərvətin böyük hissəsi kiminsə əlindən alınandır, öz əməyi ilə qazanılan deyil. Çünki sərvətin 60%-i ya miras, ya "qohumbazlıq və korrupsiya", ya da inhisar hakimiyyəti yolu ilə əldə olunur.
Rəylər