İngilis dilində təxminən 190 min hərfdən ibarət olan ən uzun sözün heç bir praktiki əhəmiyyəti yoxdur və faktiki olaraq nitqdə istifadə edilmir.
Oxu.Az xəbər verir ki, bu fikri "RİA Novosti" agentliyinə müsahibəsində Nyu-York Universitetinin dilçisi Lorel MakKinzi səsləndirib.
Söhbət məlum olan ən böyük zülal molekulunun kimyəvi adından gedir. Həmin ad 189 819 hərfdən ibarətdir və onun tam şəkildə oxunması üç saat yarıma qədər vaxt apara bilər.
MakKinzi bildirib ki, belə bir sözün praktikada istifadə oluna biləcəyi hər hansı bir vəziyyəti təsəvvür etmək çətindir. Dilçi həmçinin vurğulayıb ki, bu qəbildən olan birləşmələrin söz hesab edilib-edilməməsi tətbiq olunan meyarlardan asılıdır. Xüsusilə, onlardan istifadəyə ehtiyacın olması və nitqdə müntəzəm işlədilməsi mühüm əhəmiyyət daşıyır.
Bundan əlavə, alim qeyd edib ki, rəsmi olaraq ən uzun sözlərin müəyyənləşdirilməsi və qeydə alınması ilə məşğul olan ayrıca bir elm sahəsi mövcud deyil. Bununla belə, onun sözlərinə görə, leksikoqraflar bu cür məsələlərə maraq göstərə bilərlər.