İranın XİN rəhbəri Cavad Zərif iki gün əvvəl öz “Instagram” səhifəsində istefa verdiyini elan edib. Ötən gün səhər saatlarında isə İran prezidenti Həsən Ruhaninin administrasiyası dövlət başçısının nazirin istefasını qəbul etmədiyini açıqlayıb.
Bütün faktlar ondan xəbər verir ki, ABŞ-ın Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranda daxili siyasi vəziyyət kəskin pisləşib. Müxtəlif mənbələr İranda klan müharibəsinin kəskinləşdiyinə işarə edir.
İslam Respublikasının daxili-siyasi həyatında baş verənlər barədə Oxu.Az-a Yaxın Şərq üzrə ekspert İqor Pankratenko danışıb.
- Cavad Zərif istefa verib, üstəlik, bunu qeyri-ənənəvi formada həyata keçirib. Hətta “Twitter”də yox, “Instagram” səhifəsində. Nə qədər tragikomik görünsə də, bu müəyyən mənada bir ismarıca bənzəyir. O, bu bəyanatı ilə nə demək istəyib?
- Bütün ənənələrə rəğmən, ali iranlı rəsminin, sosial şəbəkədə - mühafizəkarlar adlandırdığımız qüvvələrin qarşı çıxdığı sosial şəbəkələrdə belə vacib siyasi bəyanatı səsləndirməsi məsələsini düzgün qeyd etdiniz. Söhbət Zərifi sərt şəkildə tənqid edən və onun istefasını tələb edən “mühafizəkar”lardan gedir.

Ümumi götürəndə burada hər şey kifayət qədər aydındır. Zərif öz opponentləri və tənqidçilərinə açıq şəkildə bildirir: sizin vaxtınız keçib, dünyada başqa texnologiyalar üstünlük təşkil edir, gizli intriqalara yer yoxdur, gəlin, ictimai məkanda araşdıraq və müzakirə edək. Gəlin, hər bir addımı ictimai müstəviyə çıxaraq.
Aydındır ki, belə bir addım dəbdədir, proqressivdir. Aydındır ki, İranın kreativ təbəqəsində, gənclər və hipsterlər bunu yüksək qiymətləndiriblər və Zərif bonuslar toplayıb.
Bəs yerdə qalan, texnoloji baxımdan o qədər də inkişaf etməmiş vətəndaşlar necə olsun? Onların İranın ali diplomatın planlarından xəbərdar olmağa haqqı yoxdur? O diplomat ki, ən vacib məsələlər - dərmanların və məhsulların, uzun növbələrə səbəb olan ətin idxal qiymətləri və s. onun atacağı addımlardan asılıdır.
Yəni istefa tamaşası ilə (bu, həqiqətən, dramatik bir əsərdir) Zərif bir daha iranlı “islahatçı”ların əsas problemini nümayiş etdirib. Onlar üçün forma, kreativlik və media imkanları hər şeyin fövqündədir. Ancaq elə çıxır ki, İslam Respublikasının Konstitusiyasında əsas sayılan xalqın maraqları elə də böyük önəm kəsb etmir.
- Necə düşünürsünüz, Zərifin “istefa”sını Ruhani hakimiyyətinin tənəzzülü və tam iflası kimi qələmə vermək olar?
- Hazırda Zərif heç yerə getməyib. Bunu dəqiq anlamaq lazımdır. İran diplomatiyasının başçısı, sadəcə, dramatik bir ifa yerinə yetirib: mən hər məsələdə haqlıyam, bizim Ruhani ilə planlarımızın gerçəkləşməsinə “paxıllar” mane olur, xarici siyasətin realizəsində bizə monopoliya verilsə, ali dini lider, İnqilab Keşikçiləri Korpusu və digər opponentlər müdaxilə etməsə, hamı səadətə qovuşacaq.
Özünüz baxın, Ruhani-Zərif tərəfdarları mediada hansı kampaniyanı aparırlar: naziri təkləyiblər, onu işləməyə qoymurlar, onun planları məhv edilir. O, axı bizim xarici siyasətin brendidir. Zavallı və alçaq opponentlər olmasaydı, İran üçün hər şey yaxşı olardı.
Demək istədiyim odur ki, Ruhani administrasiyası və hökumətin ikinci adamına çox narahatedici suallar verib, impiçmentə eyham vuran kimi, onlar yüngülvari hay-həşir salırlar. Onlar bu zaman özlərindən başqa hər kəsi günahkar tuturlar - Ali dini lideri, Qasım Süleymanini, Əhmədinejatı... Üstəlik, israrlı şəkildə xarici siyasətin gerçəkləşdirilməsi üçün monopoliya tələb edirlər, heç kimin qarışmamasını və korrektə etməməsini istəyirlər.
Cavad Zərif “Instagram”da yaydığı istefa bəyanatından bir neçə dəqiqə sonra dəvət etdiyi “Jomhouri-e Eslami” müxbirinə verdiyi müsahibədə məhz bu barədə danışıb. 2013-cü ildə onu necə işləməyə qoymadıqlarından giley-güzar edib, hansı halda istefa ərizəsini geri götürməyə hazır olduğunu söyləyib.
Yeri gəlmişkən, kimin xəbəri yoxdursa, Zərif xarici işlər naziri postuna təyinatından bəri, müxtəlif məlumatlara görə, üç və ya dörd dəfə istefa verəcəyi ilə bağlı hədə-qorxu gəlib. Təsadüfə bir bax – hər zaman onun fəaliyyəti və onun Məclisə “yedizdirdiyi” informasiyalar – məsələn “NATO-da parçalanma”, “Avropa İttifaqının İranın sanksiyalara görə çəkdiyi ziyanı kompensasiya edəcəyi” haqda açıqlamaları, imzaladığı sənədlər səriştəli və hərtərəfli şəkildə təhlil olunmağa başlayanda belə istefa təhdidləri səslənir.
- Onda elə çıxır ki, Zərifin verdiyi istefa bəyanatı...
- Bəli, siz tamamilə haqlısınız. Bütün bu dramatik hekayənin yalnız bir məqsədi var: İranın xarici siyasətinin formalaşma mexanizminə yeni forma vermək. Hər şeyi Ruhani və “xarici siyasət brendi” Zərif müəyyənləşdirməlidir, Ali dini liderin və İnqilab keşikçiləri korpusunun kargüzarlığı isə onlara müdaxilə etməməlidir.
Buna görə Ruhani və Zərifin tərəfdarları bu gün mediada belə bir kampaniya aparır: “xarici siyasət brendi”nin – ölkənin xarici işlər nazirinin İslam Respublikasının diplomatik fəaliyyətini monopolizasiya etməsinə imkan verilsin, belə bir şərait yaradılsa, hər şey yaxşı mənada qiyamət olacaq. İstefa ilə bağlı hekayətinin məğzi bundan ibarətdir.
Bunun nəticəsi isə bir məsələnin aydınlaşmasından sonra bəlli olacaq: Zərifin istefası qəbul olunacaq, yoxsa yenə də hamısı onun bir az “əsəbiləşdiyini” yazmağa başlayacaq.
R.Q.