Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ekstravaqant həyat tərzinə milyonlar xərcləyən Hanter Baydenin məhkəməyə çıxacağı tarix açıqlandı
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden 2024-cü ilin yanvarında Kaliforniya ştatında hakim qarşısına çıxarılacaq.
Bu barədə Kaliforniya Mərkəzi Dairəsi üzrə federal məhkəmənin cədvəlindən aydın olub.
Bildirilir ki, məhkəmə iclası yerli vaxtla yanvarın 11-nə saat 13:00-a (Bakı vaxtı ilə yanvarın 12-si saat 01:00-a) təyin edilib.
Qeyd edək ki, dekabrın əvvəlində Hanter Baydenə qarşı vergidən yayınmada doqquz ittiham irəli sürülüb. Konkret olaraq, o, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün ən azı 1,4 milyon dollar federal vergidən yayınma sxemində iştirak etməkdə və saxta vergi bəyannamələri verməkdə ittiham olunur. Prokurorlar hesab edirlər ki, Hanter Bayden vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər. O da bildirilir ki, ABŞ Prezidenti Co Bayden oğlu Hanterin vergi cinayətlərində təqsirli bilinəcəyi təqdirdə onu əfv etmək niyyətində deyil.
Hanter Bayden bundan əvvəl silahla bağlı üç cinayətdə - odlu silah alarkən yalan danışmaqda, lisenziyalı dilerə yalan məlumat verməkdə və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozmaqda ittiham olunub.
Mənbə: TASS
Rəylər