Böyük Britaniyada 26 yaşlı Leon Gillespi "əcəl" obrazını canlandıran kostyum geyinərək, əlində dəryazla xəstəxananın damına çıxıb və xəstələr, ziyarətçilər, eləcə də tibb işçiləri arasında təşviş yaradıb.
Oxu.Az "Mirror" nəşrinə istinadən xəbər verir ki, qara geyimdə olan şəxs binanın damına qalxaraq bir müddət aşağıda olan insanları izləyib.
Hadisə yerinə dörd polis avtomobili və yanğınsöndürmə briqadaları cəlb olunub. Nəticədə Leon Gillespi təhlükəsiz şəkildə damdan endirilib. O, sonradan bu hərəkətinin səbəbini açıqlamayıb.
Məhkəmədə Gillespi Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) ərazisində əsaslı səbəb olmadan narahatlıq yaratmaqda təqsirli olduğunu etiraf edib. Magistrat məhkəməsinin qərarı ilə o, 200 funt sterlinq (təxminən 460 manat) məbləğində cərimələnib.
Araşdırma zamanı məlum olub ki, Leon Gillespi bundan əvvəl də iki mağazada oğurluq edib. O, bir mağazadan pişik yemi və qumu, digər supermarketdən isə ərzaq məhsulları və içkilər oğurlayıb.
Bu əməllərinə görə də ona əlavə cərimələr tətbiq edilib, həmçinin məhkəmə xərclərini və dəymiş ziyanın əvəzini ödəməsi barədə qərar çıxarılıb.