ABŞ Konqresinin Nümayəndələr Palatasına Demokratlar Partiyasından namizəd, əslən Ukraynadan olan Kirill Basin Havay adalarında bıçaqlı insidentə görə saxlanılıb.
Oxu.Az "Honolulu Civil Beat" nəşrinə istinadən xəbər verir ki, hadisə avqustun 1-də Maui adasında baş verib.
Məlumata görə, 61 yaşlı kişi çimərlikdə 40 yaşlı Basindən musiqinin səsini azaltmağı xahiş edib. Bundan sonra Konqresə namizəd onun həyat yoldaşını güllələyəcəyi ilə hədələyib. Münaqişəyə ətrafdakı şəxslərdən biri müdaxilə etdikdən sonra dava başlayıb və Basin bıçaq çıxarıb. Daha sonra o, bıçaqdan qurtulmağa çalışıb.
"The New York Post" yazır ki, siyasətçi münaqişə iştirakçılarından birini stulla vurmağa cəhd etsə də, qarşı tərəf əvvəlcədən zərbə endirərək onu yerə yıxıb.
Kirill Basinə zorakılıq hədəsi ilə qorxutma maddəsi üzrə iki ittiham irəli sürülüb. Məhkəmə onun üçün bir milyon dollar məbləğində girov məbləği müəyyən edib.
Nəşrin məlumatına görə, bu, Basinin adı hallanan ilk belə hadisə deyil. O, bu ilin mayında da dairə administrasiyasında silahla hədələmə, həmçinin əmlaka ziyan vurma və hücum ittihamları ilə saxlanıldığı bildirilir.
