Səudiyyə Ərəbistanı və Sinqapur arasında Səudiyyə neftinin Curonq adasında yerləşən yeraltı çənlərdə saxlanmasına dair razılıq əldə olunub. Sözügedən layihənin 2027-ci ilin ikinci yarısından etibarən fəaliyyətə başlaması planlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sinqapurun Energetika, Ticarət və Sənaye Nazirliyinin veb-saytındakı açıqlamada bildirilir.
Bu təşəbbüsün əsas məqsədi Sinqapurun enerji təhlükəsizliyini artırmaq və Yaxın Şərqdə yarana biləcək hər hansı böhran vəziyyətində Cənub-Şərqi Asiya ölkələrini kəsintisiz neftlə təmin etməkdir. Tədarük zəncirində mümkün qırılma risklərini nəzərə alan bölgə dövlətləri BƏƏ, Səudiyyə Ərəbistanı və Yaponiyanın köməkliyi ilə strateji neft rezervlərinin formalaşdırılmasını da müzakirə edirlər.
Nəzərdə tutulan strategiya Yaponiya təcrübəsinə əsaslanır: bu modelə görə, Yaxın Şərq ölkələri nefti icarəyə götürülmüş anbarlarda saxlayır və böhran anında Yaponiyaya həmin xammalı ilk olaraq satın almaq üçün üstünlük hüququ verilir.