Türkiyə hökumət başçısı seçkilərdən sonra xarici KİV nümayəndələrinə ilk müsahibəsini verib.
Oxu.Az AZE.az-a istinadən xəbər verir ki, baş nazir R.T.Ərdoğan Suriyada vətəndaş müharibəsinin Türkiyə üçün nəticələrindən danışıb, eləcə də ermənilərin 1915-ci il hadisələri ilə bağlı iddialarına toxunub.
Məşhur amerikan telekanalı RBS aparıcısı Çarli Rouzla söhbət zamanı Ərdoğan ABŞ prezidenti Barak Obamanın təşəbbüslərinin Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılması prosesində böyük əhəmiyyəti olduğunu deyib.
“İsrailin baş naziri Netanyahunun üzr istəməsi, prezident Obamanın səylərinin nəticəsidir”, - o deyib.
1915-ci il hadisələri barədə suala Ərdoğan: “Əgər bu “soyqırımı” olsaydı, bu gün Türkiyədə yaşayan ermənilər olmazdı, amma onlar var”, - deyə cavab verib.
Baş nazir R.T.Ərdoğan eləcə də Suriyadakı vətəndaş müharibəsinin Türkiyə üçün nəticələrindən danışıb.
Ərdoğan qeyd edib ki, Türkiyənin ərazisində 200 mini düşərgələrdə yerləşdirilən 700 min Suriya qaçqını var.
Ərdoğan deyib ki, suriyalılara yardım üçün 3,5 milyard dollar xərclənməsinə baxmayaraq xaricdən gələn yardım 150 milyon dollardır.
Baş nazir Cenevrə danışıqlarının nəticə vermədiyini qeyd edərək, Qərbə qarşı tənqidi çıxış edib. “BMT və ABŞ haradadır?” deyən baş nazirdən TRT sitat gətirib.