Küveyt rəhbərliyinin Bəhreyn, Qətər, Oman, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən təklifinə görə, Fars körfəzi ölkələrində geylər (“mavilər”) və lesbiyanların səfərlərinə qadağa qoymaq məqsədilə homoseksualizmi müəyyənləşdirməyə imkan verəcək xüsusi tibbi test tətbiq edəcəklər.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, adı çəkilən ölkələrdə homoseksualizm artıq qanundan kənardır – Küveytdə buna görə 10 il həbs edirlər. Lakin qərara alınıb ki, dövlət daha sərt tədbirlər görəcək.
“Tibb mərkəzləri artıq Fars körfəzi ölkələrinə gələnlərin sağlamlığını yoxlayırlar. Lakin biz daha sərt tədbirlər görəcəyik, bu, bizə sonradan Küveytə yaxud da Fars körfəzinin istənilən ölkəsinə səfərləri qadağan ediləcək geyləri müəyyənləşdirməyə imkan verəcək” – deyə, Küveyt Səhiyyə Nazirliyinin nümayəndəsi Yusif Mindakr bildirib.
The Daily Mail yazır ki, indi homoseksualizm 78 ölkədə qanundan kənardır, 48 dövlətdə isə lesbiyanlıq qadağan edilib. Səudiyyə Ərəbistanı, Sudan, Yəmən və Mavritaniyada geylər üçün ölüm cəzası tətbiq edilir. İranda 1979-cu ildən homoseksualizmə görə 4 mindən çox insan edam edilib; orada yetkinlik yaşına çatmayanlara 74 qamçı zərbəsindən sonra “düşünmək üçün şans” verirlər.
Məlumdur ki, Səudiyyə Ərəbistanında tez-tez ölüm hökmü deyil, daha az sərt cəzalar – cərimələr, həbs cəzası və bədən cəzaları tətbiq olunur. Sudanda buna görə əvvəlcə qamçılayır, üçüncü dəfə isə edam edirlər; lesbiyanlara yüz qamçı zərbəsi vurulur.
Yəməndə isə eynicinsli münasibətlərdə olan istənilən yaşlı müsəlmanı daş-qalaq edirlər.