Ermənistanın elm və təhsil naziri Armen Aşotyan ölkənin adını Şərqi Ermənistan Respublikasına dəyişdirmək təklifi ilə çıxış edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Novosti-Armeniya” məlumat yayıb.
Nazirin fikrincə, ölkənin adının dəyişdirilməsi məsələsi Konstitusiya islahatları yolu ilə həll oluna bilər.
“Mən ölkəmizin adının dəyişdirilməsi məsələsini tarixi ədalətin bərpası, vətənpərvərlik və qanuni tələblər nöqteyi-nəzərindən müzakirə etməyə təklif edirəm. Zənnimcə, erməni torpağının bu hissəsində qurulan dövləti Şərqi Ermənistan Respublikası adlandırmaq daha doğru olardı”, - deyə o vurğulayıb.
A.Aşotyan xatırladıb ki, belə bir təkliflə 2005-ci ildə konstitusiya islahatları paketinin müzakirəsi zamanı çıxış edib.
Qeyd edək ki, ermənilər hazırda Türkiyənin Anadolu bölgəsinin yerləşdiyi əraziləri özününkü hesab edir və həmin yerləri “Qərbi Ermənistan” adlandırırlar.